Beynəlxalq dərəcəli hakim Faiq Həsənov: Ölkəmizdə şahmatın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
Yeniyetmələr arasında şahmat olimpiadaları müstəqilliyimizin ilk illərindən keçirilir. Yaxşı yadımdadır, 1991-ci ildə biz ilk dəfə bu yarışları keçirəndə 16 yaşadək 20 şahmatçı iştirak edirdi. Sonrakı illərdə Zaqatalada ilk dəfə şahmat olimpiadası keçiriləndə, bu yarışlara cəmi 50 yeniyetmə şahmatçı qatılmışdı. Bu gün isə rayondakı Olimpiya İdman Kompleksinin böyük zalı ağzınadək şahmatçı ilə doludur. Bu, ölkəmizdə şahmata olan diqqət və qayğının bariz nümunəsidir.

Bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov Zaqatalada jurnalistlərə müsahibəsində deyib.

Şahmat Federasiyasının rəsmisinin bildirdiyinə görə, Respublika Şahmat Olimpiadası bir müddət əvvəl uğurla başa çatan “Bakı-2015” birinci Avropa Oyunlarından sonra ölkəmizdə keçirilən ilk böyük yarışdır.

Ölkəmizdə şahmatın inkişafına dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayan beynəlxalq dərəcəli hakim deyib: “Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə şahmatın inkişafı barədə Dövlət Proqramı qəbul olunub. Şahmatçılarımız dünyada öz sözlərini deyirlər. Komandamız 2 dəfə Avropa çempionu olub, 2 dəfə mükafatçılar sırasına düşüb. Ümumiyyətlə gənc şahmatçılarımız 1991-ci ildən indiyədək keçirilən dünya və Avropa çempionatlarının heç birindən medalsız qayıtmayıblar. Şəhər və rayonlarımızda fəaliyyət göstərən şahmat məktəblərində son illər çox istedadlı şahmatçılar yetişir. Bugünkü yarışda respublikamızın 50-dən artıq şəhər və rayonundan 500-dək şahmatçı iştirak edir”.

Faiq Həsənov bildirib ki, 2016-cı ildə ölkəmizdə çox möhtəşəm idman tədbiri – Dünya Şahmat Olimpiadası keçiriləcək. Dünyanın 180 ölkəsinin ən güclü şahmatçıları Bakıya toplaşacaq. Hazırda ölkəmizdə bu yarışlara çox ciddi hazırlıq işləri görülür.

Xəbər 812 dəfə oxundu.