Çempionlar Liqasında rəqiblərimiz bəlli oldu
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının pley-off mərhələsinin və “dördlər finalı”nın püşkatma mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 17:30-da baş tutan tədbirdə Azərbaycanın “Rabitə” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.

Püşk 1/8 finalda Azərbaycan çempionunun bəxtinə Polşanın “Atom” komandasını qismət edib. “C” qrupunda Qazan “Dinamo”sundan sonra ikinci yeri tutan Sopot təmsilçisi ilə ilk oyunumuz səfərdə, cavab matçımız isə Bakıda olacaq.

“Rabitə” 1/4 finala yüksələrsə, burada yenidən qrup mərhələsində qarşılaşdığı “Fənərbağça” ilə bir daha qüvvəsini sınayacaq. Çünki türkiyəlilər ən yaxşı qrup dördüncüsü “Modranska” ilə oynayacaqlar və onlara uduzacaqları inandırıcı deyil.

Maraqlıdır ki, püşk Bakının digər klubu – “Azərreyl”ə də “C” qrupundan rəqib qismət edib. Burada “Atom”dan sonra üçüncü olan İsveçrə “Volero”su Faiq Qarayevin komandası ilə 1/4 finala yüksəlmək uğrunda yarışacaq. Cütün qalibi isə “Dresdner” (Almaniya) - “Dinamo” (Qazan, Rusiya) duelinin ən güclüsü ilə oynayacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunu 31 yanvar – 2 fevralda, cavab görüşü isə 1 həftə sonra keçiriləcək. 1/4 final mərhələsinin qarşılaşmaları isə 21-23 fevral və 28 fevral – 1 martda baş tutacaq.
Bakıda təşkil ediləcək “dördlər finalı” isə martın 24-25-ə təsadüf edəcək. Lakin yarımfinala eyni ölkənin 2 komandası yüksələrsə, cütlüklərdə dəyişiklik ediləcək və onlar bir-birinə rəqib olacaqlar.


1/8 final mərhələsi
1. “Modranska” (Çex Respublikası) - “Fənərbağça” (Türkiyə)
2. “Atom” (Polşa) - “Rabitə” (Azərbaycan)
3. “Dresdner” (Almaniya) - “Dinamo” (Qazan, Rusiya)
4. “Volero” (İsveçrə) - “Azərreyl” (Azərbaycan)
5. “Bank Fakro” (Polşa) - “Kann” (Fransa)
6. “Əczaçıbaşı” (Türkiyə) - “VəqfGünəş TTelekom” (Türkiyə)
7. “Foppapedretti” (İtaliya) - “Skavolini” (İtaliya)
8. “Villi Korteze” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)

1/4 final mərhələsi
9. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
10. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
11. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
12. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

“Dördlər finalı”
13. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
14. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

Üçüncü yer uğrunda
15. 13-cü cütün məğlubu – 14-cü cütün məğlubu

Final
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

Xəbər 964 dəfə oxundu.