Bakı Ali Neft Məktəbində könüllülərlə görüş
Bakı Ali Neft Məktəbində (BANM) "Bakı-2015" birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman tədbirinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını deyib.

Rektor Prezident İlham Əliyevin "Bakı-2015" birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlar ilə görüşdəki çıxışında könüllülərin xidmətlərinə yüksək dəyər verdiyini, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın möhtəşəm tədbirin bağlanış mərasimində könüllülərə təşəkkür etdiyini xatırladıb.

E.Qasımov Oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş BANM-ın könüllülərinə təşəkkürünü bildirib.

Birinci Avropa Oyunlarının əhəmiyyətindən söz açan Fərhad Hacıyev bu möhtəşəm idman tədbirinin Azərbaycan üçün önəmli bir hadisə olduğunu deyib. O, BANM-ın tələbələrinin bu Oyunlarda könüllü kimi iştirakını yüksək qiymətləndirib. Bildirib ki, bu Oyunların ölkəmizə gətirdiyi uğurlardan biri də könüllülərin fəaliyyətinin yüksək səviyyədə olmasıdır.

Bakı Ali Neft Məktəbinin könüllülərinə fəal iştiraka görə təşəkkürünü bildirən F.Hacıyev Oyunlarda ümumilikdə 20 minə yaxın könüllünün iştirak etdiyini və onların öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirdiklərini vurğulayıb.

Sonda tələbələr öz xoş təəssüratlarını bölüşüblər.

Xəbər 2150 dəfə oxundu.