“İqtisadçı” mübarizəni dayandırdı
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, adı çəkilən yarışda qüvvəsini sınayan Bakının “İqtisadçı” klubu cavab görüşündə İtaliyanın “Yamamay” komandasını qəbul edib.

Oyun əvvəlcədən də gözlənildiyi kimi gərgin keçib. Təəssüf ki, sonda sevinən tərəf Apennin təmsilçisi olub. İtaliyada 3:0 hesabı ilə qalib gələn “Yamamay” Bakıda da “İqtisadçı”nı məğlub edib. Onlar bu dəfə 3:2 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəliblər.

Beləliklə, CEV kubokunda mübarizə aparan yeganə təmsilçimizin debütü uğurlu alınmayıb və “tələbələr” avrokubokla vaxtından əvvəl vidalaşıb.

19 yanvar
1/8 final mərhələsinin cavab oyunu

“İqtisadçı” (Azərbaycan) - “Yamamay” (İtaliya) - 2:3 (21:25, 25:20, 19:25, 25:18, 13:15)
Hakimlər: Sari Kolehmaynen (Finlandiya), Roy Qoren (İsrail)

İlk oyun: “Yamamay” (İtaliya) – “İqtisadçı” (Azərbaycan) - 3:0 (26:24, 25:17, 27:25)

Xəbər 1066 dəfə oxundu.