İdman Məktəbinin yetirmələri beynəlxalq turnirdə medallar qazanıblar
Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Polşada cüdo üzrə yeniyetmələr arasında keçirilmiş “Solamin Cup” beynəlxalq turnirində uğur qazanıblar.

Nova Sol şəhərində keçirilən turnirdə 12 ölkədən 12-15 yaşlı yeniyetmələrdən ibarət 49 komanda iştirak edib. Yarışlarda ölkəmiz idman məktəbinin səkkiz cüdoçusu ilə təmsil olunub.

Komandamız beynəlxalq turnirdə uğurla çıxış edərək iki qızıl, iki gümüş və bir bürünc medal qazanıb. Rza Şıxəlizadə və Fəxri Rüstəmzadə qızıl medala, Nihad Mehdiyev və Fazil Eyyubov gümüş medala, Raul Andamov isə bürünc medala layiq görülüblər. Bu medallarla idman məktəbinin yetirmələri ümumi komanda hesabında üçüncü yerə çıxıblar.

Turnir başa çatdıqdan sonra Azərbaycan komandası Avropa çempionu, polşalı məşqçi Pavel Zaqrudnikin rəhbərliyi altında üç günlük təlim-məşq toplanışında iştirak edib.

Xəbər 886 dəfə oxundu.