"Sinxua" agentliyi "Bakı – 2015" birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında ətraflı material yayıb
Çin Xalq Respublikasının rəsmi informasiya agentliyi "Sinxua" Bakıda birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında ətraflı material yayıb.

"Sinxua" agentliyinin müxbirinin materialında bildirilir ki, birinci Avropa Oyunları çərçivəsində 16 olimpiya və 4 qeyri-olimpiya idman növləri üzrə yarışlar keçirilib. Avropa ölkələrini 6 min atlet təmsil edib. Oyunlarda 253 dəst medal oynanılıb. Qeyri-rəsmi komanda hesabında mükafatların çoxunu Rusiya yığması qazanıb. 164 qızıl medaldan 79-u Rusiya yığmasının payına düşür. Oyunların ev sahibi ikinci yeri tutub. Azərbaycanın qazandığı 56 medalın 21-i qızıldır. Böyük Britaniya komandası üçüncü yerdə qərarlaşıb. Onun hesabında 18-i qızıl olmaqla 47 medal var. Ümumən 31 ölkənin nümayəndələri qızıl medal, bütövlükdə 42 dövlətin idmançıları medal qazanıblar.

Bağlanış mərasiminin giriş hissəsində müasirliyin enerjisi və gücü ilə zənginləşən Azərbaycanın musiqi, rəqs və memarlıq ənənələri tərənnüm olunub.

Azərbaycanı xalçaya bənzədilib. Onun gözəlliyi rənglərin, insanların, ənənələrin vəhdətindədir. Burada hər bir element xalça ilmələri və ornamentləri qədər bənzərsizdir. Bununla belə, bənzərsizlik onları vahid bir məqsəd - gözəl bir əsər ərsəyə gətirmək məqsədi ətrafında birləşdirir.

Yaradıcı qrup da bağlanış mərasimini məhz "Dirçəliş" ideyası əsasında qurub. Stadionun monitorlarında rəngbərəng xalça naxışları canlanır. Tanınmış rəssam Faiq Əhmədin unikal xalça ornamentləri 10-dan sıfıra qədər rəqəmlərə çevrilir və vaxtın geriyə hesablanması başlayır. "O" rəqəmi görünəndə əsas səhnə işıqlanır. Səhnədə iki müğənni dayanıb. Onlar xor ilə birlikdə yeni simfonik aranjimanda dövlət himnini ifa edirlər.

Səhnədə üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi də dəyişir. Musiqi rok sintezinə keçəndə parlaq müasir naxışlar əmələ gəlir. Sonra heykəlləri fırladan 128 ifaçı görünür. Yüzlərlə rəqqasə səhnədə dövrə vuraraq mozaik naxışlar yaradır.

"Sinxua"nın materialında daha sonra deyilir ki, idmançıların paradından sonra Azərbaycanın birinci xanımı, "Bakı – 2015"in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib. O, mərasim iştirakçılarına müraciət edərək deyib: "İlk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi".

Birinci xanım qeyd edib ki, son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq. O, bu Oyunlarda iştirak etmiş bütün atletlərə, Avropa Olimpiya Komitəsinə, Avropadan gəlmiş çoxsaylı azarkeşlərə, könüllülərə təşəkkür edərək deyib: "Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq".

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki başlanış mərasimində çıxışında deyib: "Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun". Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi Avropanın ən güclü idmançıları üçün çox gözəl arenalar hazırlayıb.

AOK-un prezidenti deyib: "Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik".

P.Hikki qeyd edib ki, bu yarışlar gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu, qitənin güclü atletlərinə, Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza yol göstərən mayak oldu. P.Hikki çıxışını bu sözlərlə tamamlayıb: " Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır".

Xəbər 1864 dəfə oxundu.