Kamran Ağayev: Premyer Liqamıza və Kayserispora qayıtmağa hazırlaşmıram
- Özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Son mövsüm yaxşı alındı. Azərbaycan yığmasının heyətində Oslodan heç-heçə ilə qayıtdıq. Yaxşı futbol göstərdik. Bütövlükdə, əhvalım yaxşıdır.

- Bəs növbəti mövsüm üçün planlarınız necədir?
- Hələ ki, fərdi şəkildə məşq edirəm. Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizovun tərtib etdiyi proqrama əsasən hazırlaşıram.

- Sizin yeni klubunuzun adını nə vaxt biləcəyik?
- Düzünü deyim ki, bütün işlərlə menecerim məşğul olur. Ona görə o, daha yaxşı xəbərdardır.

- Yenidən Azərbaycan Premyer Liqasında çıxış etməyiniz mümkündür?
- Buraya qayıtmağa hazırlaşmıram. Ən pis halda yenidən Türkiyənin PTT 1-ci liqasında çıxış edəcəyəm.

- "Kayserispor"la 1-ci liqanın çempionu oldunuz, Super Liqada oynamaq hüququ qazandınız. İndi bu komandada oynamağa nə əcəb layiq görülmürsünüz?
- Super Liqada oynamaq istəyərdim. Amma bu, təkliflərdən asılıdır.

- Bəlkə elə "Kayserispor"a qayıdasınız?
- Müəyyən səbəblərdən mənim ora qayıtmağım artıq mümkün deyil. Çünki bu klubla maliyyə məsələlərində problem vardı. Onların mənə borcu qalıb. Böyük ehtimalla bu həftə yeni klubum bəlli olacaq.


Xəbər 762 dəfə oxundu.