“Qarabağ”ın düşərgəsində belaruslu futbolçu
“Qarabağ”ın Türkiyədəki hazırlığına yeni legioner qatılıb. İdman.com.az saytının məlumatına görə, Belarus yığmasının futbolçusu Dmitri Rekiş Ağdam təmsilçisinə baxışa gəlib. Baş məşqçi Qurban Qurbanov 1,85 metr boya malik 24 yaşlı yarımmüdafiəçini sınadıqdan sonra qərarını verəcək.

Slavyan futbolçu karyerasının böyük hissəsini keçirdiyi Minsk “Dinamo”su (2004-2011-ci illər, 54 oyun, 6 qol ) ilə yollarını ayırdıqdan sonra sərbəst futbolçudur. O, 2008-2011-ci illərdə vətənində “Savit” klubunda icarə əsasında oynayıb və 26 matçda 4 qol vurub. Rekişin ötən ilin yanvarında “Dinamo”dan gedəndən sonra Rusiyanın “Amkar” və “Kuban” klublarına keçmək variantı olsa da, sonda fevralın 21-də Varşavanın “Poloniya” klubu ilə müqavilə bağlayıb. Bunun müddəti iyuna kimi olub və həmin vaxt futbolçunun transfer hüquqlarının birdəfəlik alınmağı nəzərdə tutulub. Ancaq Polşada oynaya bilməyən Dmitri sentyabrda Çexiyanın “Slovatsko” klubuna keçidi baş tutmayıb. O, oktyabrda “Dinamo” ilə müqaviləsini pozub və 1 ay sonra II Bundesliqa təmsilçisi “Fortuna”ya baxışa çağırılıb.

Minsk klubu ilə 2009-cu ildə ölkə çempionatının gümüş medalını qazanan Rekiş 2004-cü ildən Belarusun müxtəlif yaş qruplarından ibarət yığmasında oynayıb. Yarımmüdafiəçi 2004-05-ci illərdə U-17-də (10 oyun), 2005-06-cı illərdə U-19-da (5 oyun), 2008-11-ci illərdə U-21-də (27 oyun, 8 qol) çıxış edib. Dmitri ötən il Danimarka keçirilən Avropa çempionatının final mərhələsində Belarusun U-21-in heyətində yer alaraq, tarixi uğurun – bürünc medal qazanan futbolçulardan biri olub. Həmin yığma final mərhələsinə gedən yolda - seçmə mərhələdə millimizlə bir qrupda yer aldığından, Dmitri həmin vaxtdan ölkəmizi tanıyır.

Xəbər 976 dəfə oxundu.