Azərbaycan qılıncoynadanı Səbinə Mikina da qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb [YENİLƏNİB]
Azərbaycan qılıncoynadanı Səbinə Mikina da qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında qalib gəlib.

Digər sablyaçılarımızdan Fatimə İbrahimova və Sevil Bünyadova qrup mərhələsində keçirdikləri beş oyunda müvafiq olaraq 3 və 4 qələbə qazanıblar.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.


13:18

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.

Sevinc Bünyadova qrup mərhələsində 5 görüş keçirib və hamısında qələbə qazanıb. O, ukraynalı dünya və Olimpiya çempionu Olqa Xarlan ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılıb.

Ümumilikdə fərdi yarışda 36 idmançı 6 qrupda mübarizə aparır. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova, Fatimə İbrahimova, Səbina Mikina, Sevil Bünyadova qüvvəsini sınayırlar.

Sevinc Bünyadova müsahibəsində deyib: “Rəqiblərim güclü idi, amma mən onların hamısına qalib gəldim. Olqa Xarlanı məğlub edə biləcəyimə bir o qədər də inanmırdım. Amma səylə çalışaraq 5:3 hesabı ilə onu məğlubiyyətə uğratdım. O, əsas rəqibim idi. Bacım Sevil Bünyadovadan da qələbələr gözləyirəm".

11:05

İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşəcək.

Yarışların üçüncü günündə kişilər arasında rapira, qadınlar arasında sablya ilə fərdi yarışlarda mükafatçılar müəyyənləşəcək.

Kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmur. Qılıncoynatma üzrə fərdi yarışların son günündə dörd qadın sablyaçımız mübarizə aparacaq.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq.

Azərbaycan qılıncoynadanlarından Sevinc Bunyadova “A”, Fatimə İbrahimova “D”, Səbina Mikina “E”, Sevil Bunyadova “F” qrupunda qüvvələrini sınayacaqlar.

Xəbər 1782 dəfə oxundu.