Heydər Əliyev adına İdman Sarayında cüdo yarışları davam edir [YENİLƏNİB]
Cüdoçumuz İlqar Müşkiyev ilk görüşündə Fransisko Qarriqos (İspaniya) ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İlqar Müşkiyev rəqibinə məğlub olaraq “Bakı-2015”-də mübarizəni dayandırıb.

13:36

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva (48 kq) ilk görüşdə Slovakiya idmançısı Kristina Vrsiçə qalib gələrək səkkidzəbir finala adlasa da, “London-2012”-nin mükafatçısı, belçikalı Çarlin Van Snikə məğlub olaraq yarışda iştirakını yekunlaşdırıb.

Daha bir cüdoçumuz da “Bakı-2015”-də iştirakını başa vurub. Avropa çempionatının və dünya kuboku yarışlarının gümüş mükafatçısı Tərlan Kərimov (66 kq) ilk görüşdə Rusiya təmsilçisi Mixail Pulyayevə uduzub.

13:16

Cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) yarışda ilk qələbəsini qazanıb. Türkiyəli Sinan Sandalı ipponla məğlub edən idmançımız səkkizdəbir finalda Artyom Nacu (Moldova) - Elio Verde (İtaliya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

12:51

Cüdoçumuz Orxan Səfərov (60 kq) ilk görüşündə Belarusu təmsil edən həmyerlimiz Arif Bağırov ilə üz-üzə gələcək. Arif Bağırov ilk mərhələdə monakolu Yan Sikkardidən üstün olub.

Qadın cüdoçumuz Səkinə Zairova (52 kq) isə İsrail idmançısı Roni Şvarça məğlub olub.


12:34

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq cüdoçumuz İlqar Müşkiyevin ilk rəqibi müəyyənləşib. İspaniyalı Fransisko Qarriqos İsrail təmsilçisi Alon Raxima qalib gələrək səkkizdəbir finalda İlqar Müşkiyevin rəqibi olub.

12:28

Daha bir çüdoçumuz birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Aişə Qurbanlı (48 kq) rusiyalı Kristina Rumyançevanı məğlub edərək səkkizdəbir finala adlayıb. Cüdoçumuzun növbəti rəqibi italiyalı Valentina Moskatdır.

12:12

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva (48 kq) ilk görüşündə Slovakiya idmançısı Kristina Vrsiçə qalib gəlib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının gümüş mükafatçısı Leyla Əliyeva səkkizdəbir finalda belçikalı Van Snik ilə qarşılaşacaq.

12:00

İyunun 25-də birinci Avropa Oyunlarında cüdo yarışlarına start verilib.

Cüdo yarışlarının ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımız Orxan Səfərov Yan Sikkardi (Monako) – Arif Bağırov (Belarus), İlqar Müşkiyev isə Fransisko Qarriqos (İspaniya) – Alon Raxima (İsrail) qarşılaşmalarının qalibləri ilə üz-üzə gələcək. Digər cüdoçularımız Nicat Şıxəlizadə (66 kq) türkiyəli Sinan Sandal, Tərlan Kərimov (66 kq) Rusiya təmsilçisi Mixail Pulyayev ilə mübarizə aparacaqlar.

Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) Slovakiya idmançısı Kristina Vrsiç, Aişə Qurbanlı (48 kq) rusiyalı Kristina Rumyançeva, Səkinə Zairova (52 kq) İsrail cüdoçusu Roni Şvarç, Kifayət Qasımova (57 kq) isə serbiyalı Yovana Roqiç ilə qarşılaşacaqlar.

Xəbər 924 dəfə oxundu.