Sərbəst güləşçilərimiz Avropa çempionatında dörd medal qazanıblar
İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın ikinci günündə - iyunun 24-də 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.

Yarışda 84 kiloqram çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov ilk görüşdə Ermənistan təmsilçisini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısına uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. İtaliya təmsilçisi üzərində tam üstünlük qazanan H.Məhəmmədsəidov Polşa idmançısı ilə həlledici görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.

Güləşçimiz Səid Həmidov (120 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Ukrayna və Rusiya idmançıları üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda rəqib Türkiyə təmsilçisi olub. Rəqibinə tam üstünlüklə qalib gələn Səid Həmidov Avropa çempionatının qızıl medalını qazanıb.

Beləliklə, gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Sərbəst güləş yığmamızın üzvləri çempionatı 1 qızıl - Səid Həmidov (120 kq) və 3 bürünc medalla - Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) başa vurub. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.

Xəbər 732 dəfə oxundu.