“Neftçi”nin iştirak etdəcəyi yarışa maraq böyükdür
“Neftçi” klubunun Əhməd Qədirovun xatirəsinə həsr olunan beynəlxalq turnirə hazırlığı yekunlaşmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, “Terek”in prezidenti, Çeçenistan Respublikasının baş nazirinin müavini Məhəmməd Daudov, bu haqda prezidenti Ramzan Kadırova məlumat verib. O, “Terek” və “Neftçi” ilə yanaşı, Özbəkistanın “Paxtakor”, Rumıniyanın “Rapid”, Ukraynanın “Metallist”, Qazaxıstanın “Ordabası” və Albaniyanın “Bilis” klublarının yarışa sifariş olunduğunu bildirib:

“Turnir UEFA bayrağı altında keçiriləcək. Biz onu hər il keçirməyi planlaşdırırıq. Çox klublar bu turnirdə oynamaq istəyini bildirdilər. Sonda 8 klubla razılıq əldə olundu. Turnir yanvarın 28-dən fevralın 3-dək keçiriləcək. Qrup mərhələsinin oyunları Antalyanın futbol meydanlarında olacaq. “Mərdan Arena”dakı final oyununda qrup qalibləri görüşəcək. 4 oyunu “Rossiya-2, “Naş Futbol” və “Qroznı” kanalı göstərəcək. Həmçinin oyunların internet yayımı planlaşdırılıb. Matçları 74 ölkədə görmək mümkün olacaq”.

R.Qədirov isə atasının xatirəsinə həsr olunan beynəlxalq turniri yüksək səviyyədə keçirməyin vacib olduğunu deyib: “Bu, Çeçenistan Respublikasının nüfuzudur. Ona görə də turnir yüksək səviyyədə keçirilməlidir. Futbol dünyada ən populyar idman növüdür. Biz bir daha göstərməliyik ki, sülh şəraitində yaşayıb, inkişaf etmək, digər region, ölkələrlə idman, mədəni münasibətləri yaratmaq istəyirik. Yalnız bu yolla müharibə dövründə xalqımız haqda yaranan neqativ və yalan təəssüratı dəyişə bilərik”.
Qeyd edək ki, yarışın püşkü yanvarın 27-də atılacaq.

Xəbər 888 dəfə oxundu.