Basketbol komandamız qrup mərhələsinin üçüncü görüşündə Andorra ilə qarşılaşacaq
“Bakı-2015” çərçivəsində Avropa Oyunları Parkında kişilər və qadınlar arasında 3x3 basketbol yarışları davam edir.

Kişi və qadın komandaların dörd qrupda mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmaq uğrunda mübarizəyə qoşulublar.

“D” qrupunda mübarizə aparan kişilərdən ibarət Azərbaycan yığmasının rəqibləri Andorra, Çexiya və İsveçrə komandalarıdır. “A” qrupunda yarışan qadınlardan ibarət millimizin rəqibləri isə Niderland, İsveçrə və Yunanıstan yığmalarıdır.

İyunun 24-də yarışların ikinci günündə kişilərin mübarizəsində “D” qrupunda Çexiya-Andorra, Andorra –Azərbaycan, İsveçrə-Çexiya görüşləri, qadınların yarışında isə “A” qrupunda Azərbaycan-Niderland, Niderland–İsveçrə, Yunanıstan-Azərbaycan qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, iyunun 23-də Azərbaycan millisi qrupdakı ilk oyununda Çexiya, ikinci oyununda isə İsveçrə yığması üzərində qələbə qazanaraq növbəti mərhələyə çıxmaq şanslarını daha da artırıb. Andorra isə İsveçrədən üstün olub.

Ötən gün qadınların yarışlarında isə “A” qrupunda Niderland-Yunanıstan, Azərbaycan-İsveçrə, Yunanıstan-İsveçrə görüşləri oynanılıb. “A” qrupunda Yunanıstan komandası Niderland kollektivinə qalib gəlib. İsveçrə yığması Yunanıstandan üstün olub. Azərbaycanın qadın basketbolçuları isə İsveçrə yığması ilə görüşdə rəqibə ciddi müqavimət göstərə bilməyiblər.

Ümumilikdə, 32 komandanın mübarizə apardığı və dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

Xəbər 869 dəfə oxundu.