Azərbaycan samboçuları yarışları dörd gümüş medalla başa vurublar [YENİLƏNİB]
Kişilər arasında 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Vasif Səfərbəyov final qarşılaşmasında Rusiya idmançısı, Avropa və üçqat dünya çempionu, dünya kuboku yarışlarının üçqat qalibi Artyom Osipenkoya uduzaraq gümüş medalla kifayətlənməli olub.

Ümumiyyətlə, final yarışları samboçularımız üçün bir o qədər uğurlu olmayıb. Bununla belə, onlar komandamızın aktivinə dörd gümüş medal yaza biliblər.

20:56

Qadınlar arasında 64 kiloqramdan aşağı çəki dərəcəsində qızıl medala belaruslu Tatyana Matsko sahib olub. O, finalda ukraynalı Olena Saykoya qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara isə fransalı Sara Loko və rusiyalı Anna Şerbakova yiyələniblər.

20:28

Qadınların yarışında Azərbaycan samboçusu Şəhanə Hüseynova (-60 kq) bürünc medal uğrunda mübarizədə belaruslu Katarina Prakapenka ilə qarşılaşıb və idmançımız rəqibinə məğlub olub. Digər bürünc medala rumıniyalı Dniela Hondiu sahib çıxıb.

Bu çəki dərəcəsində qızıl medalı bolqarıstanlı Kalina Stefanovanaya qalib gələn rusiyalı Yana Kostenko qazanıb.


20:27

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində mübarizə sambo üzrə Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov finalda Belarus idmançısı Stepan Papova uduzaraq yarışı ikinci pillədə başa vurub.

Bu çəki dərəcəsində bürünc medalları isə rusiyalı Azamat Sidakov və gürcüstanlı Kaxa Mamulaşvili qazanıblar.


19:45

Sambo üzrə Avropa və dünya çempionu İslam Qasımov (57 kq) finalda Rusiya təmsilçisi Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarınının gümüş mükafatı ilə kifayətlənib. İdmançımız finaladək Rumıniya təmsilçisi Ornaldo Qruya və gürcüstanlı Vaxtanqi Çidraşvilidən üstün olub.

19:26

Qadınlar arasında sambo yarışlarının final qarşılaşmaları başlayıb. Döyüş xalçası üzərinə ilk olaraq 52 kiloqramdan aşağı çəki dərəcəsində Azərbaycan samboçusu Nəzakət Xəlilova və rusiyalı Anna Xaritonova çıxıblar. Təəssüf ki, idmançımız rəqibinə ciddi müqavimət göstərə bilməyib və gümüş medalla kifayətlənməli olub.

Bu çəki dərəcəsində bürünc medalları litvalı Ruta Aksionova və bolqarıstanlı Maqdalena Varbanova qazanıblar.

Növbəti final qarşılaşması kişilər arasında 57 kiloqram çəki dərəcəsində olacaq. Azərbaycan idmançısı İslam Qasımov rusiyalı Aymergen Atkunov ilə üz-üzə gələcək.




13:12

Birinci Avropa Oyunlarının sambo yarışlarının bütün finalçıları müəyyənləşib. Belə ki, sambo üzrə dünya çempionu İslam Qasımov (57 kq) Rusiya idmançısı Aymergen Atkunov, Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov (74 kq) belaruslu Stepan Papov, Ruisya samboçusu Alsim Çernaskulov (90 kq) belaruslu Andrey Kazusionak, Avropa çempionu Vasif Səfərbəyov (100 kq-dan yuxarı) Rusiya təmsilçisi Artyem Asipenko ilə qarşılaşacaq.

Digər samboçumuz Kənan Qasımov (90 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Davit Karbelaşvili ilə üz-üzə gələcək.

Yarışda qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsinin finalında Azərbaycan samboçusu Nəzakət Xəlilova rusiyalı Anna Xaritonova ilə güclərini sınayacaq. Yarışda 60 kiloqramda rusiyalı Yana Kostenko ilə bolqarıstanlı Kalina Stefanova finalda qarşılaşacaq. Altımış dörd kiloqramdan aşağı çəki dərəcəsində qızıl medal uğrunda ukraynalı Olena Sayko belaruslu Tatsiana Matsko ilə mübarizə aparacaq. Qadınların 68 kiloqramdakı final görüşündə isə belaruslu Volha Namazava ilə serbiyalı İvana Jandriç üz-üzə gələcək.

12:49

Qadınların yarışında Azərbaycan samboçusu Şəhanə Hüseynovanın (60 kq) dörddəbir final mərhələsində məğlub olduğu rusiyalı Yana Kostenko finala adladığından idmançımız təsəlliverici mərhələdən yarışa qoşulub. Bu mərhələdə samboçumuz gürcüstanlı Şorena Şaradzeni 2:0 hesabla məğlub edib. İdmançımız bürünc medal uğrunda mübarizədə belaruslu Katsiarina Prakapenka ilə güclərini sınayacaq.

Digər qadın samboçumuz Nərminə Əlizadə (68 kq) də bürünc medal uğrunda mübarizə aparacaq. O, medal uğrdunda fransalı Selin Konde ilə qarşılaşacaq.


12:09

Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov (74 kq) ikinci qələbəsini qazanaraq finala yüksəlib. İlk görüşündə gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinalda bolqarıstanlı Martin İvanovu məğlub edib. Qızıl medal uğrunda görüşdə Amil Qasımov Belarus idmançısı Stepan Papov ilə görüşəcək.

11:45

Azərbaycan samboçusu Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionovaya 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə adlayıb. İdmançımız finalda rusiyalı Anna Xaritonova ilə qızıl medal uğrunda mübarizə aparacaq.

11:44

Avropa çempionu Vasif Səfərbəyov (100 kq-dan yuxarı) yarımfinalda Ukrayna idmançısı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün samboçumuz rusiyalı rəqibi Artyem Asipenkodan üstün olmalıdır.

11:36

Yarışda qadınların 60 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Azərbaycan samboçusu Şəhanə Hüseynova dörddəbir mərhələsində rusiyalı Yana Kostenkoya məğlub olaraq medal uğrunda mübarizəni dayandırıb.

64 kiloqramdan aşağı çəki dərəcəsində yarışan idmançımız Fəridə Qurbanova isə ilk görüşündə moldovalı Yekaterina Kretuya məğlub olub.

Digər qadın idmançımız Nərminə Əlizadə (-68 kq) dörddəbir final mərhələsində belaruslu Volha Namazavaya məlğub olaraq "Bakı-2015"də medal uğrunda mübarizəni dayandırıb.

11:34

Sambo üzrə dünya çempionu İslam Qasımov (57 kq) finala vəsiqə qazanıb. Rumıniya təmsilçisi Ornaldo Qruia və gürcüstanlı Vaxtanqi Çidraşvili üzərində qələbə samboçumuza finalda mübarizə aparmağa imkan verib. Qızıl medal uğrunda görüşdə samboçumuz Rusiya təmsilçisi Aymergen Atkunov ilə üz-üzə gələcək.

11:25

İlk görüşündə ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov (90 kq) yarımfinalda Rusiya təmsilçisi Alsim Çernaskulova uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda görüşdə Kənan Qasımov gürcüstanlı Davit Karbelaşvilini məğlub etməlidir.

11:22

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Martin İvanov olacaq.

11:12

Qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kordina Yuneskunu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Azərbaycan samboçusunun bu mərhələdəki rəqibi litvalı Ruta Aksionova olacaq.

11:05

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov makedoniyalı rəqibi Bajro Maşvokijə qalib gələrək yarımfinala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Razmik Tonoyan olacaq.

10:58


Daha bir samboçumuz birinci Avropa Oyunlarında qələbə qazanıb. İslam Qasımov (57 kq) Rumıniya təmsilçisi Ornaldo Qruiaya qalib gələrək Heydər Əliyev adına İdman Sarayında olan azarkeşlərimizi sevindirib. Yarımfinalda samboçumuzun rəqibi gürcüstanlı Vaxtanqi Çidraşvili olacaq.

10:56

Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov yarımfinala yüksəlib. Növbəti mərhələdə samboçumuz Rusiya təmsilçisi Alsim Çernaskulov ilə qarşılaşacaq.

10:53


İyunun 22-də "Bakı-2015" birinci Avropa Oyunlarında sambo yarışlarına start verilib.

Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda 8 çəki dərəcəsi üzrə idmançılar mübarizə aparır.

Azərbaycan yarışda tam heyətlə təmsil olunur.

Qeyd edək ki, sambo idman növü birinci Avropa Oyunlarının proqramına daxil olan 4 qeyri-Olimpiya idman növünüdən biridir.

Xəbər 1420 dəfə oxundu.