Rizvan Fərzəliyev: Heç bir komandanı favorit saymıram
“Əslində, Bakı Beynəlxalq Futzal Turniri bizim üçün Avropa çempionatı öncəsi stimul idi. İstəyirdik ki, qalib olaq və Xorvatiyaya xoş əhval-ruhiyyədə yollanaq”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a futzal üzrə Azərbaycan yığmasının üzvü Rizvan Fərzəliyev deyib.
Ardıcıl ikinci dəfə qitə birinciliyinin final mərhələsində çıxış edəcək yığmamız üçün son hazırlıq xarakterli yarış paytaxtda təşkil edilən futzal turniri idi. 4 dəfə sözü gedən yarışın qalibi olan millimiz, bu dəfə birinci pilləni Ukraynaya verdi.

Təbii ki, Avropa çempionatında daha güclü rəqiblərlə qarşılaşacaq yığmamızın bu uğursuzluğu diqqətdən kənarda qala bilməz. Çünki komandamız Xorvatiyada Portuqaliya və Serbiya kimi güclü rəqiblərlə üz-üzə gələcək. Fərzəliyev uğursuzluğu komandanın tam hazır olmaması ilə izah edib: “Biz gec yığıldıq. Yanvarın 3-4-də bir araya gəlməli olsaq da, müəyyən gecikmələr oldu. Baş məşqçi deyilən vaxtda gəlmədi, Felipe isə oyunlara bir gün qalmış düşərgədə oldu. Bunun nəticəsi olaraq taktiki və fiziki planda axsayırdıq. Rəqiblərimiz də zəif komandalar deyildilər”.

Avropa çempionatı haqda danışan futzalçımız qrupda yer alan komandalardan heç birini favorit hesab etmir. O, oyunlara qədər çatışmazlıqları aradan qaldıracaqlarına inandığını vurğulayıb: “Şansları 50-nin 50-yə dəyərləndirirəm. Heç kim favorit deyil. Portuqaliya ilə oynamışıq. Onlar da bizdən çəkinirlər. Əlbəttə, qrupda ilk iki yerdən birini tutmaq istəyirik. Minimum tapşırığımız növbəti mərhələyə yüksəlməkdir. Turnir zamanı yol verdiyimiz səhvləri düzəldəcəyik. Komanda 1 ay bir yerdə məşq etməlidir ki, taktiki, fiziki problemlər yaşamasın”.

Xəbər 963 dəfə oxundu.