Bakı-2015: Kişilərin qrup ötüşməsi başa çatdı
Bu gün Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi yarışlarına yekun vurulub. Bu dəfə kişilər arasnda qaliblər müəyyənləşib. 124 idmançının mübarizə apardığı yarışın start və finiş nöqtəsi Azadlıq Meydanında olub.

Azərbaycan bu növdə 3 idmançı ilə təmsil olunmalı idi. Lakin onlardan yalnız ikisi start xəttinə çıxıb - bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur. Yığma komandamızın lideri Maksim Averin isə zədə səbəbindən mübarizəyə qoşulmayıb.

Yarışın qalibi adına ispaniyalı Luis Leon Sançes Xil yiyələnib. O, 215.8 km məsafəni 5 saat, 27 dəqiqə, 25 saniyəyə qət edib. Çempionla eyni göstəriciyə imza atan ukraynalı Andrey Qrivko və çexiyalı Petr Vakoç isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qaliblərə mükafatı Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Təmsilçilərimizdən Samir Cəbrayılov finişə çata bilməyib. Məsafəni 5 saat, 42 dəqiqə, 25 saniyəyə qət edən Əsədov isə 55-ci olub.

Xəbər 835 dəfə oxundu.