Baş katib milli komanda ilə görüşüb
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov çimərik futbolu üzrə Azərbaycan milli komandası ilə görüşüb.

Baş katib Bakı-2015 Birinci Avropa Oyunlarında iştirak edəcək millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb və qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidir.

Milli komandanın baş məşqçisi Jose Miguel Mateus və kapitan Emin Kürdov çıxış edərək mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildiriblər və yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.
Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və vitse-prezident Fərid Axundov görüşdə iştirak edib.

Xatırladaq ki, millimiz Bakı-2015 Birinci Avropa Oyunlarında A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.

Xəbər 765 dəfə oxundu.