AzAL-ın baş məşqçisi: Müəyyən çətinliklər var
“Cari ildə ilk oyunumuz idi. Müəyyən çətinliklərin olduğunu deyə bilərəm”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a AzAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.
Qış fasiləsinə turnir cədvəlinin yeddinci pilləsində yollanan və əksər klublardan fərqli, təlim-məşq toplanışını Bakıda həyata keçirən “təyyarəçilər” məşqlərinin gündə iki dəfə olmaqla həyata keçirir. Paytaxt klubu artıq ilk yoxlama oyununda da gücünü sınayıb.

Birinci divizionda mübarizə aparan “Neftçala”nı sınağa çəkən Mirzəyevin komandası 2 top fərqi ilə qələbə qazanıb. Oyunun gedişində çətinliklərin olduğunu deyən çalışdırıcı bunun səbəbini belə izah edib: “Gün ərzində iki dəfə olmaqla məşq edirik. Buna baxmayaraq, uşaqlar oyun zamanı çalışdılar. Hər hissədə fərqli “11-liy”ə şans verdik. Təxminən 1 həftəyə yaxındır təlim-məşq toplanışındayıq. Bu proses hər zaman müəyyən çətinlik yaradır. Uşaqlar yüklənir. Oyundan sonra fiziki hazırlıq üzrə məşqçimiz Gəray Qarayevin rəhbərliyi ilə futbolçular yenə gücə işlədilər”.

Ötən ilin dekabrında cərrahiyyə əməliyyatı olaraq istirahətə erkən yollanan Mansur Limani isə hələ komandasına qoşulmayıb. Baş məşqçi özü də onun nə vaxt Bakıya gələcəyini bilmir: “Limani hələ ölkəsindədir. Fevralda, yoxsa martda gələcəyini deyə bilmərəm, amma yaxşı futbolçudur. Bizə faydalı olacaq”.

Xəbər 1140 dəfə oxundu.