Azərbaycan taekvondoçuları birinci Avropa Oyunlarında ilk qızıl medallarını qazanıblar
“Bakı-2015” birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının ikinci günündə Azərbaycan yığması idmanın bu növündə ilk qızıl medalını aktivinə yazdırıb. Kişilər arasında taekvondo üzrə 68 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə “Bakı-2015”-in qızıl medalını qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlk Avropa Oyunlarının altıncı günündə - iyunun 17-də dayanq üzərində kişilər arasında - 68 və qadınlarda isə - 57 kiloqram çəki dərəcələri üzrə taekvondoçular güclərini sınayıblar.

Azərbaycan taekvondoçusu Ayxan Tağızadə (68 kq) ilk görüşdə qitə birinciliyinin mükafatçısı sloveniyalı Jure Pantaraya 11:3 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. Bu mərhələdə Ayxan Tağızadə ispaniyalı Joel Qonzalez Bonillanı 7:5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Azərbaycan idmançısı yarımfinalda rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb. Ayxan Tağızadə bu görüşdə də rəqibini 7:5 hesabı ilə məğlub edərək finala yüksəlib.

İdmançımız qızıl medal uğrunda mübarizədə polşalı Karol Robak ilə qarşılaşıb. Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunan vaxtda idmançımız gözəl fənd işlədərək rəqibini 10:9 hesabı ilə məğlub edib və birinci Avropa Oyunlarının çempionu olub.

Yarışda bürünc medalları isə ispaniyalı Joel Qonzalez Bonilla və rusiyalı Aleksey Denisenko qazanıblar.

Qadınların yarışında isə Azərbaycan taekvondoçusu Günay Ağakişiyeva (-57 kq) ilk görüşdə serbiyalı idmançı, London Yay Olimpiya Oyunlarının iştirakçısı Draqana Qladoviçə 4:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu yarışda qızıl medalı xorvatiyalı Ana Zaninoviçi 12:9 hesabı ilə məğlub edən Böyük Britaniya idmançısı, birinci Avropa Oyunlarının ulduz elçisi Ceyd Cons qazanıb. Bürünc medallara isə isveçli Nikita Qlasnoviçlə ispaniyalı Eva Qomez Kalvo yiyələniblər.

“Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarında digər çəki dərəcələri üzrə görüşlər iyunun 18-də keçiriləcək.

Xəbər 793 dəfə oxundu.