Milli Olimpiya Komitəsi medal qazanan idmançılarımızı mükafatlandırıb
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) iyunun 16-da “Bakı-2015” birinci Avropa Oyunları yarışlarının dördüncü günündə medal qazanan idmançılarımızla görüş təşkil edilib.

Görüşdə çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev Azərbaycan idmançılarının yarışlarda parlaq qələbələr qazandıqlarını və onların mübarizə ruhunun yüksək olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan idmançıları dörd gündə yeddi qızıl medal qazanıblar.

Azərbaycanın Avropa Oyunlarında çox gözəl heyətlə çıxış etdiyini bildirən X.İsayev deyib: “Ehtimal edirdik ki, 20-22 medal qazanacağıq. Ancaq bu gün deyə bilərəm ki, bizim 22-dən də çox medal əldə etmək imkanımız var“.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medalçılar burada quraşdırılmış lövhəyə imza atıblar.

MOK “Zəfər günləri” adlı xüsusi tədbirə iyunun 14-də start verib. İyunun 29-dək hər gün komitənin yerləşdiyi binanın qapıları birinci Avropa Oyunlarının azərbaycanlı qalibləri ilə görüşmək istəyən və “Bakı-2015” kimi tarixi hadisəni daha yaxından izləməyə can atan insanların üzünə açıq olacaq.

Xəbər 1117 dəfə oxundu.