Azərbaycan gimnastları çoxnövçülük üzrə komanda yarışlarında bürünc medala sahib olublar
İyunun 15-də Azərbaycan gimnastları çoxnövçülük üzrə komanda yarışlarında bürünc medal qazanıblar.

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə çöxnövçülük yarışında komandaların mübarizəsi başa çatıb.

Kişilər arasında 6 növdə gimnastik hərəkətlərdən sonra Rusiya komandası ən yüksək nəticə göstərərək (178.963) fəxri kürsünün birinci pilləsinə qalxıb. Ukrayna komandası 177.429 xalla gümüş, Azərbaycan gimnastları isə 174.195 xalla bürünc medallara layiq görülüb.

Qadın gimnastlar arasında 4 növdə komanda yarışlarında da Rusiya millisi (116.897) qızıl medala layiq görülüb. Gümüş medalı 110.397 xalla Almaniya komandası qazanıb. Niderland idmançıları isə 110.099 xal toplayaraq bürünc medalla kifayətləniblər.

Qaliblərin mükafatlandırılması mərasimində medalları atletlərə Avropa Gimnastika İttifaqının prezidenti Corc Gezek təqdim edib.

Fərdi yarışlara vəsiqə qazanan gimnastlar iyunun 18-də mübarizəyə davam edəcəklər. Azərbaycan gimnastı Oleq Stepko da finalçılar arasındadır.

Xəbər 808 dəfə oxundu.