Saymon Kleq: Ev sahibi olaraq Azərbaycanın yüksək nəticələr qazanması bizi çox məmnun etdi
Ötən gün Avropa Oyunlarının yarışları 17 məkanda keçirildi. İlk medallar artıq sahiblərinə təqdim olundu. Ev sahibi olaraq Azərbaycanın yüksək nəticələr qazanması bizi çox məmnun etdi. Bu, Oyunların uğurlu keçməsinə zəmin yaradır.

Bu sözləri iyunun 14-də keçirilən mətbuat konfransında “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

O qeyd edib ki, iyunun 13-də keçirilən 19 müxtəlif yarışı 17 mindən çox tamaşaçı izləyib. Xüsusən də dağ velosipedi, badminton və stolüstü tennis yarışları böyük sayda tamaşaçı cəlb etmişdi. Voleybol oyunlarına da xeyli azarkeş gəlmişdi. Hətta nəqliyyat onları daşımağa imkan tapmamışdı. Bu üzdən də xüsusi avtobuslar ayrılmışdı.

Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos isə dünən keçirilən karate yarışlarından danışaraq dedi: “Bu yarışlar bir daha göstərdi ki, karate artıq Olimpiya proqramına daxil edilməyə hazırdır. Bakıya Avropanın ən güclü karateçiləri gəlib. Bu da yarışların yüksək səviyyəsindən xəbər verir”.

Avropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində çempion olan Azərbaycan idmançısı Rəfael Ağayevin nailiyyətlərinə də toxunan A.Espinos bildirib ki, dünya karate icması artıq onu əfsanə kimi qəbul edir: “Rəfael Ağayevin nəticələrinə baxsaq, bu uğurlardan yalnız qürur duymaq olar”.

Xəbər 805 dəfə oxundu.