Azərbaycan Milli Olimpiya Komitəsi “Zəfər günləri”nə başladı
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Avropa Oyunları günlərində atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilib.

İyunun 14-də Azərbaycan Milli Olimpiya Komitəsi “Bakı-2015”-in qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə təşkil etdiyi “Zəfər günləri”nin təqdimat mərasimi keçirib.

MOK tərəfindən həyata keçirilən mərasimdə medallar qazanan atletlərimiz, onların ailə üzvləri ilə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin dünyada böyük maraq doğurduğunu deyib. O bildirib ki, iyunun 29-dək hər gün Komitənin binasının qapıları birinci Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən insanların üzünə açıq olacaq. Ç.Hüseynzadə deyib ki, birinci Avropa Oyunlarının hər anı bir tarix, hər günü bir zəfərdir. Azərbaycanın idman salnaməsinə birinci Avropa Oyunlarını qızıl hərflərlə yazan atletlərimiz öz parlaq qələbələri ilə xalqımıza tükənməz sevinc bəxş edirlər.

Qeyd olunub ki, birinci Avropa Oyunlarının ikinci günündə Azərbaycan idmançıları 7 medal qazanaraq, ümumi komanda hesabında ikinci sıraya yüksəliblər.

Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızı qələbə münasibətilə təbrik edərək, onların valideynlərinə, məşqçilərinə minnətdarlığını bildirib. Nazir birinci Avropa Oyunlarına xalqımız tərəfindən hərtərəfli dəstək verildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan atletləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında olduğu kimi, birinci Avropa Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV nümayəndələri üçün yaratdığı yüksək şəraitə görə MOK-un rəhbərliyinə təşəkkür edib.

Sonra “Bakı-2015” birinci Avropa Oyunlarının ilk qaliblərinə MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medalçılar xüsusi quraşdırılmış stendə ürək sözlərini yazıblar.

“Zəfər günləri” incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Xəbər 862 dəfə oxundu.