"Bakı"nın baş məşqçisindən gənclərə dəstək
Türkiyədə ilk təlim-məşq toplanışını yekunlaşdırmaqda olan "Bakı" hazırlıqları gündə iki məşqlə davam etdirir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantının 9-cu günü taktiki və nəzəri çalışmalar üzərində qurulub.

İlk dəfə "A" komandanın düşərgəsinə qoşulan gənc futbolçular müdafiəçi Elşad Manafov və hücumçu Tural Qürbətov nüfuzlu həmkarlarından geri qalmamağa çalışırlar. Adıçəkilən futbolçuların cəmi 18 yaşı var və onların əsas komandada debütü Niderland çempionatının lideri "AZ Alkmaar" klubuna qarşı oyuna təsadüf edib.

Tural Qürbətov qarşılaşmanın 65-ci dəqiqəsində oyuna qoşulub, Elşad isə 83-cü dəqiqədə meydana çıxıb. Ümumiyyətlə, komandanın ilk yoxlama oyununda meydana 8 azərbaycanlı futbolçu çıxıb. 30 dəqiqə oynayan Nurlan Novruzovun da artıq mütəmadi olaraq heyətdə yer aldığını qeyd etmək lazımdır.
Sabah isə "Bakı" bizim vaxtla saat 19:00-da ikinci yoldaşlıq matçına çıxacaq. Həmin oyunda rəqib Almaniya 1-ci liqasının təmsilçisi "İnqolştadt 04" klubudur.

Xəbər 893 dəfə oxundu.