Birinci Avropa Oyunlarının məşəli Heydər Əliyev Mərkəzində
“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir.

İyunun 10-da səhər saatlarında məşəl Milli İncəsənət Muzeyinə aparılıb. Məşəli Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov daşıyıb.

Sonra alov Heydər Əliyev Mərkəzinə gətirilib. Məşəli Mərkəzdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov gəzdirib.

Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Məşəlçi Ömər Eldarov təəssüratlarını bölüşərək bildirib: “Birinci Avropa Oyunları həyatımda əhəmiyyətli hadisədir. 87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram. Mən və digər məşəlçilər ilk dəfə keçirilən Avropa Oyunlarının məşəlini qəbul edib daşıdığımıza görə qürur duyuruq”.

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb. Gün ərzində məşəl AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına və YARAT Müasir İncəsənət Mərkəzinə aparılacaq.

Aprelin 26-da qədim od məbədi olan Atəşgahda start götürən məşəl Azərbaycanın 60 rayonunu gəzib-dolaşdıqdan sonra iyunun 7-də paytaxta gətirilib. Artıq dörd gündür Bakıda olan alov şəhərin bir sıra əsas məkanlarında, idman arenalarında, tarixi və mədəniyyət obyektlərində olub.

Xəbər 706 dəfə oxundu.