Birinci Avropa oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib
Birinci Avropa oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib. Tədbirdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib. O, dövlət başçısı İlham Əliyevin idmana böyük diqqət ayırdığını qeyd edərək, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun salamını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançının məsuliyyət hissinin artırmalı olduğunu vurğulayıb. Milli komandamızın baş məşqçisi Pedro Rok boksçularımızın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.

Milli komandamızın kapitanı, 2 qat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval ruhiyənin olduğunu bildirib. Boksçumuz Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəyini söyləyib. Xatırladaq ki, boks yarışları iyunun 16-dan 27-dək Cristall Holl-da keçiriləcək. Komandamız kişilərin yarışında 10, qadınların turnirində isə 5 idmançı ilə təmsil olunacaq.

Xəbər 786 dəfə oxundu.