Potensial rəqiblər məlum oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində Bakının “Rabitə” və “Azərreyl” klublarının potensial rəqibləri bəlli olub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan komandaları növbəti mərhələyə qrup ikincisi kimi yüksəlsələr də, onların hər ikisi birinci səbətdə yer alıblar. Bu isə o deməkdir ki, paytaxt təmsilçiləri özlərindən zəif rəqiblə qarşılaşacaqlar.

Belə ki, ilk səbətə 5 qrup qalibi ilə yanaşı, ən yaxşı nəticəyə malik 3 qrup ikincisi də düşüb. Bunlardan ikisi Azərbaycan klubları, biri isə İtaliya “Skavolini”sidir.

Qruplarında 3-cü yerləri tutmuş komandalar isə ikinci səbətin əsasını təşkil edir. Bu beşliklə yanaşı, qrup ikincisi olan digər 2 komanda - “Əczaçıbaşı” (Türkiyə) və “Atom” (Polşa), ən yaxşı sonuncu kimi pley-offa yüksələn “Modranska” (Çex Respublikası) klubları da bu səbətdə qərarlaşıb. Məhz bu 8 komanda da təmsilçilərimizin potensial rəqibləri sayılır. Amma onlardan “Dresdner” (Almaniya) “Rabitə” ilə, “Foppapedretti” (İtaliya) isə “Azərreyl”lə düşə bilməz. Bu da onunla bağlıdır ki, bu klublar eyni qrupda mübarizə aparıblar.
Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da Lüksemburqda keçiriləcək.

1-ci səbət: “Fənərbağça”, “VəqfGünəş TTelekom” (hər ikisi - Türkiyə), “Kann” (Fransa), “Dinamo” (Moskva), “Dinamo” (Qazan, Rusiya), “Rabitə”, “Azərreyl” (Azərbaycan), “Skavolini” (İtaliya)

2-ci səbət: “Əczaçıbaşı” (Türkiyə), “Villi Korteze”, “Foppapedretti”, (İtaliya), “Bank Fakro”, “Atom” (Polşa), “Dresdner” (Almaniya), “Volero” (İsveçrə), “Modranska” (Çex Respublikası)

Xəbər 1079 dəfə oxundu.