Serbiya - Azərbaycan: Məşqçi fikirləri
Avstriyanın Pölten şəhərindəki NV Arena-da Azərbaycan və Serbiya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi affa.az-a qarşılaşma barədə fikirlərini bildirib:

Radovan Curçiç (Serbiya millisinin baş məşqçisi): "Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq. Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi. Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular. Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu. Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik".

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.

Xəbər 796 dəfə oxundu.