Odette Giuffrida: “Bakı-2015”-də ən yüksək nəticəni əldə etmək üçün hazırlıqları davam etdirirəm
İtaliyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil edəcək cüdoçulardan biri də beynəlxalq turnirlərin mükafatçısı 20 yaşlı Odette Giuffridadır.

Yarışlarda qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Odette Giuffrida “Bakı-2015”də ən yüksək nəticəni əldə etmək üçün hazırlıqları davam etdirdiyini bildirib. Bugünədək əldə etdiyi uğurlardan və gələcək planlarından danışan gənc cüdoçu deyib: “İndiyədək əldə etdiyim nailiyyətlər yeni yarışlara məni daha məsuliyyətlə hazırlaşmağa həvəsləndirir.

“Bakı-2015”ə komanda yoldaşlarım və məşqçimiz Dario Romano ilə birgə ciddi hazırlaşırıq. Bütün gücümüzü və diqqətimizi bu Oyunlarda medal qazanmağa yönəltmişik. Çünki bu yarışlarda güclü rəqiblərlə qarşılaşacağıq. Lakin bu, məni heç də qorxutmur. Cüdo elə bir idman növüdür ki, mübarizədən kimin qalib ayrılacağını əvvəlcədən müəyyənləşdirmək çətindir. Ölkəmi beynəlxalq turnirlərdə təmsil etməkdən hər zaman qürur duyuram. Bakıda medal qazanaraq İtaliyanın dövlət himnini eşidəcəyim gün üçün səylə çalışıram”.

Xəbər 853 dəfə oxundu.