Qurban Qurbanov: "Son 2 ildə ən ağır oyunumuz olacaq"
“Düşünürəm ki, hamımız maraqlı, gərgin oyunun şahidi olacağıq. Belə həlledici oyunun gedişatında hər cür düyişiklik ola bilər”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Sabah Qəbələdə Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək. “Neftçi” ilə matçdan öncə mətbuat konfransı keçirən Ağdam klubunun baş məşqçisi çempionluqdan sonra kuboku da qazanmağı hədəflədiklərini söyləyib: “Komandamız həvəslidi. Əlbəttə, hər iki komanda istəklidi. Təəssüf ki, bir komanda qalib gəlir”

- 19 il öncə “Qarabağ” finalda “Neftçi”yə uduzmuşdu. İndiki komanda bunun revanşını ala biləcəkmi?

- Revanş barədə düşünmürük. 19 il əvvəl tam başqa futbol idi. İndi tam əksinədi. Belə fikirlərlə yaşamaq doğru olmaz. Yalnız kuboku qazanmaq barədə düşünürük.

- Sabahkı heyəti müəyyənləşdirmisiniz?

- Bəli, müəyyənləşdirmişəm.

- Flavinyonun olmaması sizin oyun taktikanıza təsiri olacaqmı?

- Xeyr. “Neftçi”nin bir neçə oyununa baxmışam. Fərqli, cavan futbolçular var. Onlar bizə çətin anlar yaşada bilər. Əlbəttə Flavinyo daim rəqiblərə problem yaradan oyunçu olub. Mən şəxsən istərdim ki, hər iki komanda ideal heyətlə oynasın. Qırmızı vərəqə alanlar da oynasınlar.

- Penaltilər üzərində işləmisinizmi?

- Bir dəfə. Mən nadir hallarda penalti üzərində işləyirəm. Düşünürəm ki, penalti üzərində işləmək hansısa futbolçuya ümid verə bilər. Bu da sonluqda problemə çevrilə bilər.

- Çempionatın zəif keçməsi “Qarabağ”a necə təsir edəcək?

- Ötən il də, bu mövsüm də çətin keçdi. Sadəcə, yanvardan bəri problem oldu. İlk yarıda həminki mübarizə var idi. Yanvardan sonra mövsüm fərqli keçdi. Məncə, dekabra qədərki dövr bizim üçün daha ağır keçdi. Limitlə bağlı bu mövsüm daha çox yerli oldu. Bəzən istədiyimiz oyunu göstərə bilmədik. Amma mübarizə gərgin keçdi. Futbolçular daha istəkli mübarizə apardılar. Avrokuboka hazırlıq isə tam fərqli olur. Hətta biz özümüz də ötənilki oyundan zəif çıxış etdik.

- Muarem Muarem və Leroy Corcun aqibəti necə olacaq?

- Bir çox futbolçunun müqavilə müddəti bitir. Hələ heç biri ilə danışıq aparmamışıq. Sadəcə, son ayda bütün diqqətimizi çempionat oyunlarına yönəltdik. Müqavilə məsələsini kənara qoyduq. Bəziləri ilə qiyabi danışıq olub. Bu oyundan sonra kim qalacaqsa, o futbolçularla danışıq aparacağıq.

- Sizcə, “Neftçi” son 7 oyunda bilərəkdən zəif çıxış edə bilərmi? Bununla bağlı “Qarabağ”da arxayınlıq yaranıbmı?

- Açığı, rəqib haqda tam məlumatlı deyiləm. “Neftçi” mənim üçün son saniyələrə kimi qaranlıq komanda olacaq. Hamı “Neftçi”dəki problemlərdən danışır. Amma mən belə düşünmürəm. Bizim ən çətin oyunlarımız “Neftçi”yə qarşı olub. “Neftçi” sabah bəlkə də, tam optimal heyətdə çıxış edəcək. Onlarda güclü əcnəbilər var. Elşən Abdullayev, Samir Məsimov son vaxtlar formadadı. Düşünmürəm ki, “Neftçi”də eniş var. “Neftçi” belə oyunlardan daha çox qalib ayrılıb. Son iki ildə, bəlkə də, ən ağır oyunumuz olacaq.

Xəbər 729 dəfə oxundu.