Bakıda ilk beynəlxalq FASA turniri keçirilib
Bakı – 2 iyun 2015-ci il. Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində ADA Universitetində birinci beynəlxalq FASA turniri baş tutub.

Azərbaycanda həyata keçirilən FASA yarışları ilk ailəvi idman turniridir. Ailələri və uşaqları fəal həyat tərzinə cəlb etməyi hədəfləyən FASA ailəvi idman yarışlarına “Coca-Cola”, MOK və Təhsil Nazirliyinin dəstəyi ilə 2013-cü ildən start verilib. Bu günədək FASA oyunlarına ölkənin 40 şəhər və bölgəsindən 50 mindən artıq insan cəlb olunub. 2015-ci ildən isə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə FASA proqramı “Bakı 2015” Avropa Oyunlarının sosial idman irsi elan edilmişdir. Bu yaxınlarda isə FASA oyunlarında iştirak etmək üçün xarici ailələr də maraq göstərmiş və Bakıda ilk beynəlxalq FASA ailəvi idman yarışları keçirilmişdir.

Basketbol, voleybol və digər müxtəlif idman yönümlü əyləncəli oyunlardan ibarət yarışları özündə cəmləşdirən turnirdə Azərbaycanın 5 müxtəlif şəhər və rayonunu təmsil edən ailələr, həmçinin İsrail, Belarus və Rusiyadan olan ailələr iştirak edib.

Turnirin açılışına həsr edilmiş tədbirdə iştirak edən “Coca-Cola” şirkətinin Azərbaycan nümayəndəliyinin market-meneceri Qabil Əhmədov proqrama göstərdiyi dəstəyə görə MOK, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirərək “Coca-Cola” üçün fəal və sağlam həyat tərzinin dəstəkləməsinin əhəmiyyətindən danışıb: “Bədən tərbiyəsi və idmanla mütəmadi məşğulolma insan sağlamlığını möhkəmləndirir. Fəal və sağlam həyat tərzi cəmiyyətin uğurlu inkişafını şərtləndirən başlıca amillərdən biridir. Bu səbəbdən “Coca-Cola” şirkəti 1928-ci ildən günümüzədək Olimpiya hərəkatını, o cümlədən şirkətin təmsil olunduğu bütün ölkələrdə insanların idmana və fəal həyat tərzinə cəlb olunmasına yönəlmiş müxtəlif proqramları dəstəkləyir. MOK ilə birgə başladılan FASA proqramı artıq ölkənin 40 şəhər və rayonunu əhatə edərək 50 mindən çox insanı fiziki fəallığa cəlb edib. Biz bunu böyük uğur hesab edirik və FASA-nın inkişafı ilə bağlı işləri davam etdirəcəyik”.

Yarışların açılışında çıxış edən MOK-un məsul əməkdaşı, Həsənağa Rzayev bildirib: ”FASA layihəsi çərçivəsində bu qədər insanın fəal və sağlam həyat tərzinə cəlb olunması təqdirəlayiq bir haldır. Hər bir cəmiyyətin özülünü ailə təşkil edir. Valideyn və uşaqların müxtəlif əyləncəli, idman yarışlarında birgə iştirakı fiziki sağlamlıq üçün vacib olmaqla yanaşı ailə ruhunun yüksəldilməsinə də şərait yaradır. Bugünkü yarışma layihənin beynəlxalq xarakter alması istiqamətində atılmış mühüm addımdır. Yarışlarda xarici ölkə təmsilçilərinin iştirakı “Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində FASA layihəsinə artmaqda olan marağın əyani sübutudur. MOK olaraq “Coca-Cola” ilə birgə keçirilən, fəal və sağlam həyat tərzinin təbliğinə yönəlmiş FASA layihəsinin bu cür geniş vüsət almasına şadıq”.

“Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil alanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. FASA proqramı və bu kimi digər sosial idman layihələri təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir. FASA layihəsinin digər bir təqdirəlayiq tərəfi regionlardan olan ailələrin burada fəal şəkildə iştirak etməsidir. Bugünkü Beynəlxalq FASA yarışlarına İsrail, Rusiya və Belarusdan olan ailələrin qoşulması layihənin davamlı inkişafının əyani sübutudur. Təhsil Nazirliyi olaraq FASA-nın uzunmüddətli dövr üçün verəcəyi töhfələri

yüksək qiymətləndiririk və layihənin gələcək uğurlarına inanırıq”, - tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov qeyd edib.

FASA proqramı ilə bağlı digər bir maraqlı yenilik isə qalib ailələrin və fəal iştirakçıların “Bakı 2015” 1-ci Avropa Oyunlarının məşəlçisi olmaq fürsəti əldə etmələri oldu. Sabirabadda FASA 2014-ün qalibi olmuş Qusarı təmsil edən Əzimovlar ailəsinin başçısı İlham artıq bu şərəfli vəzifəni icra edib. O, öz yürüşünün sonunda Avropa Oyunlarının məşəlini tanınmış teleaparıcı, “Bakı 2015”in səfiri İlkin Həsəniyə ötürüb. Növbəti olaraq 14 may tarixində məşəli Naftalanda Bayramovlar ailəsinin üzvü Lətif daşıyıb. Bu ailə 2014-2015-ci illərdə baş tutmuş bütün FASA yarışlarında fəal olaraq iştirak etmiş ailələrdən biridir.

İlk beynəlxalq FASA turnirinin qalibi İsmayıllını təmsil edən ailə olub. İkinci və üçüncü yerləri isə İsrail və Qusardan olan ailələr tutub. Yarışın qalibləri və iştirakçıları MOK, Təhsil Nazirliyi və “Coca-Cola” tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.

Xəbər 691 dəfə oxundu.