Taekvondoçularımız Avstriyadakı turnirdə 5 medal qazanıblar
İnsbruk şəhərində keçirilən ənənəvi “Austria Open” turniri taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandası uçun uğurlu olub. Milli komandamız ilin ilk turnirində aktivinə beş medal əlavə edib.

Baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yarışa yollanan komandanın üzvlərindən 29 kiloqram çəki dərəcəsində Ofeliya Allahverdiyeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Bəhruz Quluzadə (-37 kq) isə yalnız finalda məğlub olaraq yarışı gümüş medalla başa vurub. Digər idmançılarımızdan Cavid Soltanov (+65 kq), Minayə Əkbərova (-33 kq), Sevda Pirseyidova (-37 kq) isə bürünc medalla kifayətlənməli olublar.

Turnirdə iki minə yaxın taekvondoçu mübarizə aparıb. Azərbaycan milli komandası iyunun 2-də Vətənə qayıdacaq.

Xəbər 756 dəfə oxundu.