8-10-12 yaşlı uşaqlar arasında Azərbaycan Çempionatı başa çatıb
Respublika Şahmat Mərkəzində keçirilən 8-10-12 yaşlı uşaqlar arasında Azərbaycan Çempionatı başa çatıb. Çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə 11 turdan ibarət keçirilib.

8 yaşlı oğlanlar arasında çempion adını 9.5 xal toplayan Bakı şahmatçısı Read Səmədov qazanıb. Ordubad şahmatçısı Hüseyn Seyid və Ucar təmsilçisi Ayhan Cabbarlı 8.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə isə Hüseyn Seyid gümüş medalın sahibi olub.

Eyni yaş qızlar arasında finalda da iki hakimiyyətlilik davam edib. Füzuli təmsilçisi Səmra Qasımova və Bakı şahmatçısı Nurtac Heydərli hərəyə 10.5 xal toplayıblar və əlavə göstəricilərə görə Səmra Qasımova qızıl medal,Nurtac Heydərli isə gümüş medal qazanıb.3-cü yerin sahibi isə aktivinə 8.5 xal yazan Leyla Budaqova (Gəncə)olub.

10 yaşadək oğlanlar arasında Biləsuvar şahmatçısı Xəzər Babazadə 11 oyundan 10 xal toplayaraq çempion adını qazanıb. Aydın Süleymanlı (Bakı) 9.5 xalla 2-ci pillədə qərarlaşıb.3-cü pillənin sahibi isə aktivinə 7 xal yazan Mətin Salamov(Bakı) olub.

11 oyundan 11 xal toplayan Ayan Allahverdiya (Bakı) 10 yaşadək qızlar arasında 100 faizlik nəticə göstərərək qızıl medalın sahibi olub. Sara Həmidova (Bakı) 9 xal toplayaraq 2-ci , Jalə Kərimli (Sumqayıt) isə 7.5 xalla 3-cü pillənin sahibi olub.

12 yaşadək oğlanların çempionatında Bakı təmsilçisi Əhməd Əhmədzadə aktivinə 9 xal yazaraq birinci olub. 2-ci yerə 8.5 xal toplayan Naxçıvan şahmatçısı Sadiq Məmmədov , 3-cü yerə isə 8 xal toplayan Mətin Mürsəlli (Bakı) çıxıb.

Eyni yaş zəif cinsin nümayəndələrinin çempionatında Gövhər Beydullayeva (Bakı) və Səbinə Rzalı (Sumqayıt) hərəyə 9 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə çempion adını Gövhər Beydullayeva qazanıb. Qrupun üçüncüsü 7 xal toplayan Sumqayıt şahmatçısı Ləman Hacıyeva olub.

Çempionatda bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmatçılar Dünya Çempionatına,2-ci yerin sahibləri isə Avropa Çempionatına vəsiqə qazanıb, həmçinin qaliblər pul mükafatı, habelə I-II-III yerlərin sahibləri Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunublar.

Xəbər 2765 dəfə oxundu.