Qadın güləşçilərimiz Monqolustanlı həmkarları ilə TMT-da
Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev və məşqçi Arif Fərmanov, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplanışına 20-yə yaxın güləşçi cəlb olunub.

Mayın 25-dən etibarən başlayan təlim-məşq toplanışında Monqolustan güləşçiləri də iştirak edir.

"Asiya çempionatlarının qalib və mükafatçıları olan Monqolustan güləşçiləri ilə birgə təlim-məşq toplanışı güləşçilərimizin təcrübələrini artırmaq üçün böyük fürsətdir. Artıq hazırlıqların son mərhələsindəyik. 2 həftə sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyik. Komandada əhval-ruhiyyə yüksəkdir. Oyunlarda yüksək əzmkarlıqla mübarizə aparıb, qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik" - deyə yığma komandanın baş məşqçisi Semyon Çterev bildirib.

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.



Xəbər 784 dəfə oxundu.