Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb
Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına qatılacaq.

Üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Yuliana Stoyevanın rəhbərliyi ilə 4 avarçəkən təmsil edəcək.

Birnəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrov mübarizə aparacaq. Onun rəqibləri arasında norveçli Olimpiya çempionu Olaf Tufteni, çexiyalı dünya çempionu Ondrey Sineki və litvalı Avropa çempionu Mindauqas Qrişkonisi xüsusi qeyd etmək olar.

Birnəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşdə Cavid Əfəndiyev start xəttinə çıxacaq. Burada C.Əfəndiyevin 17 rəqibi olacaq. Rəqiblərdən biri vaxtilə elə 25 yaşlı avarçəkənimizlə birgə 2 nəfərlik yüngül çəkili qayıqla nüfuzlu reqatalara qatılmış İqor Xmaradır. Xmara hazırda Ukraynanı təmsil edir.

Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotov İqor Luçiçlə birgə 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş edəcək.

Bu qayıq tipində, ümumilikdə, 21 ölkənin təmsilçiləri yer alacaq.

Xəbər 2324 dəfə oxundu.