Sərbəstlər Avropa Oyunlarına hazırlığı İran güləşçiləri ilə birgə davam etdirir
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak edir. 30-a yaxın güləşçinin qatıldığı TMT mayın 18-dən başlayıb və iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.

Bu dəfəki təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında Qitə və Dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var.

Qeyd edək ki, iyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Xəbər 796 dəfə oxundu.