Şərifov Hicran İbrahim oğlu
Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub.
Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114№-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına daxil olub və 1992-ci ildə bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Qarabağ müharibəsi veteranıdır.

1987-ci ildən 1993-cü ilə qədər Əmircan qəsəbəsindəki "Suraxanı maşınqayırma zavodunda" elektrik vəzifəsində çalışmışam. 1994-cü ildən 2000-ci ilin avqustuna qədər Daxili İşlər Nazirliyinin HNPİ-nin baxış bölməsi üzrə kiçik inspektoru vəzifəsində işləyib. 2000-ci ilin avqust ayında polis leytenantı rütbəsinə layiq görülüb və DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi vəzifəsinə təyin olunub. Sonrakı illərdə həmin akademiyada Fiziki hazırlıq kafedrasının müəllimi və Tədris-metodiki şöbənin baş inspektoru vəzifəsində çalışıb. Polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. 17 dekabr 2019-cu ildə öz istəyi ilə təqaüdə çıxıb.

2013-cü ildən Milli Olimpiya Komitəsində Nəzarət-Təftiş Komissiyasının sədridir.

1999-cu ildən indiyə kimi “Neftçi İdman Klubu” İctimai Birliyində məşqçi-müəllim vəzifəsində işləyir (əvəzçilik üzrə). Eyni zamanda Xətai rayonunda yerləşən "Cəngi" güləş klubunun sədridir.

İdmanın yunan-Roma güləş növü ilə məşğul olub. İdman ustası və Əməkdar məşqçidir. Olimpiya kateqoriyalı, Beynəlxalq dərəcəli hakimdir. Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında hakim olaraq Azərbaycanı təmsil edib. Yay Olimpiya Oyunlarında 3 dəfə hakimlik etmiş yeganə azərbaycanlı hakimdir. London-2012 Yay Olimpiya Oyunlarında "Dünyanın ən yaxşı güləş hakimi" elan olunub və "Qızıl fit" mükafatına layiq görülüb.

Bir çox tələbələri nüfuzlu beynəlxalq yarışların qalib və müküfatçıları olublar. Rövşən Bayramov dəfələrlə Avropa və dünya çempionu, ikiqat (Pekin, London) Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Elman Muxtarov dəfələrlə yeniyetmələrin və gənclərin Avropa və dünya çempionu, Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi və Bakı-2015 I Avropa Oyunlarının bürünc mükafatçısı olub. Elnur Həsənov yeniyetmələrin dünya çempionu, Seymur Hüseynov, Əhmədova Şəbnəm, Nəsir Həsənov və Fail İsgəndərov yeniyetmələrin Avropa və dünya mükafatçılarıdır. Səbirə Əliyeva dəfələrlə yeniyetmələrin və gənclərin Avropa və dünya çempionudur.

H.Şərifov Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 29 avqust tarixli Sərəncamı ilə “Tərəqqi” medalına, 2010-cu il 24 dekabr tarixli Sərəncamı ilə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına, 2012-ci il 31 avqust tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 29 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib. 23 dekabr 2016-cı ildə Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeninə layiq görülüb.
Bundan başqa, müxtəlif illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Əla Xidmətlərə görə” döş nişanı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalları ilə təltif edilib. 2016 və 2017-ci illərdə Daxili İşlər Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb.

Ümumi pedaqogika üzrə “Uşaq Gənclər İdman Məktəblərinin idarə edilməsinin elmi-pedaqoji əsasları“ mövzusunda elmi iş müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 aprel 2017-ci il tarixli qərarı ilə Hicran Şərifova pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bir sıra monoqrafiya, kitab və elmi məqalələrin müəllifidir.

Xəbər 6876 dəfə oxundu.