Azərbaycan üzgüçülərinin Bakı Su İdmanı Sarayında təlim-məşq toplanışı başlayıb
Mayın 20-də Azərbaycan üzgüçülərinin Bakı Su İdmanı Sarayında təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesinə üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarında gücünü sınayan 20 gənc idmançı qatılıb.

Arenanın dünya standartlarına cavab verdiyini bildirən “Bakı-2015” Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs Okallaqan Bakı Su İdmanı Sarayının birinci Avropa Oyunlarının iştirakçılarına xoş təəssürat bağışlayacağını diqqətə çatdırıb.

Bildirib ki, Bakı Su İdmanı Sarayı şəhər sakinlərinin faydalanması üçün birinci Avropa Oyunlarından qalacaq irsin parlaq nümunəsidir. Arena üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının yetişməsi üçün təlim mərkəzinə çevriləcək. Gənc idmançılar bu arenanı çox bəyəndilər. “Bakı-2015”dən sonra hazırlıq keçəcəkləri idman obyekti ilə tanışlıq onların marağına və sevincinə səbəb oldu.

Bakı Su İdmanı Sarayının baş meneceri Lauren Skrimqur bildirib ki, arenada üç hovuz fəaliyyət göstərir. Yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7,5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Lazım gəldikdə bu hovuzu iki hissəyə ayırmaq mümkündür. Hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir. Həmin hovuzun uzunluğu 51,5, eni 25, dərinliyi 2 metrdir.

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdülrəhmanov qeyd edib ki, birinci Avropa Oyunları ölkə tarixinin ən böyük idman tədbiridir. Bu, bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici haldır. İdman sağlam qalmaq, yeni dostlar qazanmaq və məşhur olmaq üçün ən yaxşı vasitədir. Birinci Avropa Oyunlarının daha çox azyaşlını idmana cəlb edəcəyinə və gənc idmançıları uğurlar qazanmağa ruhlandıracağına əminəm.

“Bakı-2015”in ulduz elçisi Murad Dadaşov üzgüçülük yarışlarının gərgin idman mübarizəsi şəraitində keçəcəyini bildirib və bütün azarkeşləri Bakı Su İdmanı Sarayında yarışları canlı izləməyə çağırıb.

Birinci Avropa Oyunlarının üzgüçülük yarışlarına biletləri www.tickets.baku2015.com internet səhifəsindən onlayn qaydada və paytaxtda fəaliyyət göstərən 12 bilet satışı məntəqəsindən əldə etmək mümkündür.

Xəbər 2086 dəfə oxundu.