Boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir
Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Dörd boksçumuz yarımfinala yüksəlməklə qitə birinciliyinin medallarını özlərinə təmin edib.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov Almaniya idmançısı Noah Fişerlə dueldən qalib ayrılıb – 3:0. Yarımfinala vəsiqə qazanan həmyerlimiz ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Həsənov yarımfinalda ukraynalı İvan Kozyarla qarşılaşacaq.

Bəxtiyar Qazıbəyov da (60 kq) adını yarımfinala yazdırıb. Milli komandamızın üzvü ¼ finalda latviyalı Edqars Korzenevskisdən üstün olub – 2:1. Boksçumuz yarımfinalda Ermənistan nümayəndəsi Koryan Astyanla üz-üzə gələcək.
Cavid Hüseynov da (48 kq) komandamıza qələbə qazandırıb. Boksçumuz bolqarıstanlı Vensan Kirkorovu mübarizədən kənarlaşdırıb – 3:0. Hüseynov yarımfinalda irlandiyalı Lorkan Hurlekslə görüşəcək.

52 kq çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev də yarımfinala yüksəlib. Yığmamızın üzvü Ukrayna təmsilçisi Taras Bondarçuk üzərində qələbə qazanıb – 3:0. Allahverdiyev yarımfinalda şotlandiyalı Deklin Daffi ilə qarşılaşacaq.

Bu gün daha 4 boksçumuz ¼ final mərhələsinin görüşlərini keçirəcəklər.

Qeyd edək ki, boksçularımızdan Elton Məmmədov (57 kq) İsrail, Elgün Abdullayev (66 kq) isə Macarıstan təmsilçilərinə uduzaraq, yarışdan kənarda qalıblar.

Xəbər 1048 dəfə oxundu.