Serbiyalı samboçu: Birinci Avropa Oyunlarında mükafatçılar sırasında yer almaq istəyirəm
Avropa çempionatının bürünc medalını qazandığım üçün çox xoşbəxtəm. Ancaq qarşıda məni daha böyük sınaq gözləyir. Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında da mükafatçılar sırasında yer almaq istəyirəm.
Bu sözləri Zaqrebdə keçirilən Avropa çempionatında qadınların yarışında 68 kiloqram çəki dərəcəsində bürünc medal qazanan serbiyalı idmançı İvana Yandriç deyib.

Samboçu deyib: “Hazırda bütün diqqətim “Bakı-2015”ə yönəlib. Ölkəmi belə mötəbər yarışda təmsil edəcəyim üçün qürur hissi keçirirəm. Belə bir şansımın olduğu üçün məsuliyyətimi də başa düşürəm. Bakıda uğur qazanıb ölkəmi layiqincə təmsil etmək istəyirəm”.

“Bakı-2015” birinci Avropa Oyunlarında 72 samboçu medallar uğrunda mübarizə aparacaq. Kişilərin yarışında 57, 75, 90, 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 52, 60, 64 və 68 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 1611 dəfə oxundu.