Velosiped yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş velosiped yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 40-dan çox idmançı mübarizə aparıb.

Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində son illər idmançılarımız beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Ölkəmizdə bu il ilk dəfə təşkil olunacaq Avropa Oyunları, həm də Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından irəli gəlir.

Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxışında qeyd edib ki, federasiyanın yeni fəaliyyətə başlamasına baxmayaraq, artıq bir çox gənc bu idman növlərinə maraq göstərməkdədir. Məqsədimiz bu idman növlərini muxtar respublikada kütləvi hala gətirmək və gəncləri idmana cəlb etməkdir. Hazırda muxtar respublikada hər bir yeniyetmə və gəncin idman sahəsində uğur qazanması üçün bütün şərait yaradılıb.

Komanda və fərdi hesabda mübarizə aparan idmançılar Uzunoba gölünün ətrafında yürüşü yekunlaşdırıblar. Komanda hesabında hamını qabaqlayan Naxçıvan Dövlət Universitetinin komandası qalib adını qazanıb. “Qapıcıq” idman klubunun velosipedçiləri ikinci, Kəngərli rayonunun komandası üçüncü olublar. Fərdi yarışlarda isə ilk üç pillədə Naxçıvan Dövlət Universitetinin tələbələri – Rəşad Əhmədov, Malik Hənifəyev və Xaliq Novruzov qərarlaşıblar.

Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.

Xəbər 865 dəfə oxundu.