Qurban Qurbanov: Səfərim gözlədiyimdən də yaxşı alındı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Barselona səfərindən dönüb. İdman.com.az saytının məlumatına görə, gənc mütəxəssis Pireney ezamından məmun qalıb. Klubun rəsmi saytına verdiyi açıqlamada, o “Barselona” təəssüratından bunları danışıb:

“Səfərim faydalı oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də yaxşı alındı. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz oldu. Öncə “Barselona”nın ölkə kubokunda “Osasuna”yla oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlərimizin olması səfərimizi təxirə saldı. Əvəzində “Espanyol”un “Kordoba”nı 4:2 hesabıyla yendiyi oyunu izlədik.

Təbii ki, “Barselona”nın çempionatda “Betis”i eyni hesabla məğlub etdiyi oyunda da stadiondaydıq. Həmçinin əsas komanda ilə yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. “Barselona”nın dünyanın ən güclüsü olduğunu onların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə, səfərdən ancaq xoş nəticələr çıxardımızı vurğulamalıyam”.

Xəbər 913 dəfə oxundu.