Vüqar Əliyev: “Dördlər final”ına çıxmaq istəyirik
“Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Lakin bu gözəl oyunda Oksana Parxomenko zədə aldı. İstəyirik ki, onun zədəsi ciddi olmasın və meydana tez qayıtsın”. İdman.com.az saytının apasport.az-a istinadən məlumatına görə, bunu “Azərreyl”in məşqçisi Vüqar Əliyev deyib.

Bu gün Avropa Çempionlar Liqasının VI turunda baş məşqçi Faiq Qarayevin əvəzinə “dəmiryolçular”ı “Tomis”lə (Rumıniya) görüşə Əliyev çıxarıb. O, 3:0 hesabı ilə qalib gəldikləri oyundan razı qalıb: “Bizim üçün vacib olan qələbəni qazandıq. Növbəti mərhələyə gəldikdə, orada zəif rəqib olmur. Əsas odur ki, pley-offda da gözəl oynayıb, xalqımızı sevindirək”.

Gənc mütəxəssis bildirib ki, martda Bakıda keçiriləcək “dördlər finalı”na yüksəlmək istəyirlər: “Dördlər final”ı paytaxtımızda baş tutacağından, bu mərhələyə vəsiqə qazanmaq istəyirik. Çempionlar Liqasında 2 klubla təmsil olunuruq. Həm “Rabitə”, həm də “Azərreyl” “Dördlər finalı”nda oynaya bilər. Ən pis halda yarımfinala bir komandamızın yüksəlməsini istəyirəm və bunun da bizim klubun olmasını arzulayaram”.

Qeyd edək ki, “Azərreyl”in növbəti mərhələyə neçənci yerdə yüksəlməsi “Vakıfbank TTelekom” (Türkiyə) – “Foppapedretti” (İtaliya) görüşündən sonra müəyyənləşəcək.

Xəbər 1020 dəfə oxundu.