Junior Nildo: İnterin çempion olacağına inanıram
"İnter"in hücumçusu Junior Nildonun müsahibəsi

- Turnir cədvəlindəki son vəziyyət sizi qane edir?
- Hələlik, ikinci yerdəyik, çempionluq uğrunda mübarizəni davam etdiririk. Fikrimcə, narazı olmamalıyıq. Daha çoxuna nail ola bilərik.

- "Neftçi" üzərindəki 4:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Biz ən yaxşı oyunlarımızdan birini keçirdik. 4:0 bizim üçün əla nəticədir. Halbuki, bu rəqiblə istənilən oyunumuz çox ağır keçir.

- Siz bu komandanın sizi kubokdan uzaqlaşdırmasının qisasını almağa çalışırdınız?
- Xeyr, sadəcə, belə alındı. Həm də kubok və çempionat oyunları bir-birindən fərqlənir. Elə alındı ki, ələ düşən şanslardan maksimum yararlandıq. Həm də unutmaq lazım deyil ki, "Neftçi"nin heyətində problemləri var idi. Bunun da təsiri oldu.

- "Qarabağ", yoxsa "İnter"?
- (gülür) "İnter"in çempion olacağına inanıram. Baxmayaraq ki, "Qarabağ"ın şansı daha çoxdur. Hər şeyə tezliklə aydınlıq gələcək. İndi kimin qalib olacağını demək düzgün olmaz. Hər şey mümkündür.

- "Qarabağ"ın qarşıda "Sumqayıt"la, sizin "Qəbələ" ilə oyununuz var...
- Bizim üçün ağır oyun olacaq. Amma "Qarabağ" da, "İnter" də qələbəyə oynayacaq.

- "Qəbələ" 10 oyundur uduzmur, onların da 9-da qələbə qazanıb...
- Bunu bilirik. Amma bizim bir hədəfimiz var - qələbə qazanmaq.

- "Qəbələ" ilə görüşü sizin üçün çempionluq yolunda finala bərabər saymaq olar?
- Bəli, müəyyən qədər elədir. Rəqib çox yaxşı komandadır, güclü hücum xətti var.

- Məğlubiyyət sizin çempionluq şanslarınızı heçə endirəcək...
- Elədir. "Qarabağ" bizdən öndədir. Onlara çatmaq üçün isə mütləq qələbə qazanmağımız lazımdır.

- Klubdakı işlər necədir? Maliyyə problemi yoluna qoyuldu?
- Bu barədə danışmaq istəməzdim.

- Yayda "İnter"də qalacaqsınız, ya getməyi düşünürsünüz?
- Mənim müqaviləm var və getmək barədə hələ düşünmürəm.

- Başqa klbulardan təklif var?
- Bəli. Amma indi "İnter"in futbolçusuyam və başqa təkliflər barədə danışmağım mən tərəfdən düzgün olmaz. İndi mövsümü yaxşı nəticə ilə başa vurmaq haqda düşünmək daha vacibdir.

Xəbər 703 dəfə oxundu.