Otüstü hokkeyçilərimiz Avropa klub çempionatına hazırlaşırlar
Mayın 19-da Bakının kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” və “Akkord” klubları Avropa Çempionlar Kuboku uğrunda turnirə yola düşəcəklər. Artıq həmin yarışa son hazırlıq işləri başa çatmaq üzrədir. Xatırladırıq ki, ölkəmizin hər 2 təmsilçisi oyunlarını 22-25 may tarixində keçirəcək. Azərbaycan çempionu “Atasport” ötən il “Trofi” divizyonunda III yeri tutmaqla bu il İrlandiyanın paytaxtı Dublin şəhərində yenidən güclülər qrupuna çıxmaq vəzifəsini həll etməli olacaq. Xatırladırıq ki, həmin yarışın “A” qrupuna daxil olan “Atasport” un mayın 22-də keçiriləcək ilk oyundakı rəqibi Çexiyanın “Slaviya Praqa” klubu olacaq. Bir gün sonra hokkeyçilərimiz Uelsin “Vitçeç”, mayın 24-də isə İtaliya təmsilçisi “Amsicora” ilə qarşılaşacaq. Yarışın sonuncu günü- mayın 25-də isə “A” və “B” qruplarında müvafiq yerləri tutan iştirakçıların Pley-Off oyunlarında yekun yerlər müəyyənləşəcək.

5 il əvvəl qitəmiqyaslı yarışın “Çelenc 5” divizyonunda debüt edən “Akkord” ildə 1 pillə irəliləyərək ötən mövsüm Çexiyanın Rakovnik şəhərində “Çelenc I” turnirində çıxış edib və ötən illərin ənənəsini pozaraq “Trofi” divizyonuna vəsiqə qazana bilməyib.Yarışı 4-cü yerdə başa vuran “Akkord” bu mövsüm mayın 22-dən 25-dək İsveçrənin Vettingen şəhərində yenidən “Çelenc I” divizyonunda mübarizə aparacaq. “B” qrupunda daxil olan həmyerlilərimiz ilk görüşlərini Türkiyənin “Qaziantep Polis Gücü” klubuna qarşı keçirəcəklər. Bir gün sonra rəqibimiz “Navax AHTC Vien”(Avstriya) olacaq. Mayın 24-də keçiriləcək son qrup oyununda “Akkord” Xorvatiyanın HANK “Mladost” komandası ilə yarışacaq. Turnirin axırıncı günü- mayın 25-də pley-off oyunları baş tutacaq və həmin gün qruplarda I-II və III – IV yerləri tutanlar çarpaz üsulla görüşərək gələn ildən “Trofi” divizyonunda yarışmaq hüququ verən finalçıları və digər yerlərin sahiblərini aşkar edəcəklər.

Bakının qadın otüstü hokkeyçilərdən ibarət “Atasport” klubu da cari mövsüm “Trofi” divizyonunda yarışacaq. Mayın 21-dən 24-dək Belarusun paytaxtı Minsk şəhərində keçirilən yarışın “B” qrupuna daxil olan hokkeyçilərimiz mayın 21-də ilk oyunda Ukraynanın “Sumçanka”, ertəsi gün İrlandiyanın “Pembrok Vandeders” və sonuncu qrup oyununu mayın 23-də Belçikanın “Royal Vellington” klubuna qarşı keçirəcəklər. Növbəti mövsüm Avropa Klub Çempionatının yüksək dəstəsinə vəsiqə qazanmaq üçün əsasını milli komandamızın üzvləri təşkil edən “Atasport” qrupda I yeri tutmaq uğrunda var qüvvəsini sərf edəcək. Yarışın axırıncı günü- mayın 24-də qruplarda müvafiq yerləri tutan iştirakçılar pley-off mərhələsində bir-biri ilə qarşılaşaraq yekun yerləri müəyyənləşdirəcəklər.Qeyd etdiyimiz kimi, qrup qalibləri final görüşünün nəticəsindən asılı olmayaraq növbəti mövsüm qitənin ən güclüləri sırasında yarışmaq hüququ qazanacaqlar.

Xəbər 2331 dəfə oxundu.