Kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı başa çatıb
Mayın 7-də Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı keçirilib.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İdman və Gənclər nazirliklərinin, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən çempionatın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoydular.

Şərur Rayon Olimpiya İdman Kompleksində kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatının təntənəli açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirdi ki, qədim və zəngin tarixə malik olan ölkəmizdə idman milli-mədəni irsimizin ayrılmaz tərkib hissəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin həyata keçirdiyi idman siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında da idmanın hər zaman böyük diqqət və qayğı ilə əhatə olunduğunu deyən Azad Cabbarov qeyd etdi ki, bunun nəticəsində qədim diyarın idmançıları mötəbər yarışlarda daim iştirak edir və ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Bu gün Naxçıvan idmançılarının ixtiyarında olan 50-dək idman obyekti regionumuzda idmanın inkişafına hərtərəfli şərait yaradır. Muxtar respublikada yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsinə geniş imkanlar açıb. Belə ki, son illərdə muxtar respublikada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, yunan-Roma və sərbəst güləş, İçigeki üzrə beynəlxalq turnirlər və digər nüfuzlu beynəlxalq idman tədbirləri təşkil edilib. 2011-ci ildən isə ənənəvi olaraq Heydər Əliyevin xatirəsinə həsr olunan “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı keçirilir.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri yarış iştirakçılarına uğurlar arzuladı.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti sayəsində Azərbaycan bu sahədə böyük nailiyyətlərə imza atıb. Bu gün bu siyasət dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Ölkəmiz müxtəlif idman növləri üzə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, birinci Avropa Oyunları da məhz ölkəmizdə keçiriləcək. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və beynəlxalq aləmdə böyük nüfuz qazanmasından xəbər verir.

“Bu gün sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikada mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə çempionatının ilk dəfə Naxçıvanda keçirilməsi də bu diyarın idman məkanı kimi böyük şöhrət qazanması ilə əlaqədardır”, - deyən Adil Əliyev diqqətə çatdırdı ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunə təşkil edir.

Sonra muxtar respublikada kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarova və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının sədri Əhməd Əhmədova Azərbaycan Kikboksinq Federasiyasının fəxri diplomları təqdim olundu.

Açılış mərasiminin bədii hissəsində Şərur Xalq Yallı Ansamblı və rayon Mədəniyyət Sarayının kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış etdilər.

Daha sonra kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə çempionatına start verildi.

Rinqə çıxan 31 idmançı 8 çəki dərəcəsində WAKO versiyası üzrə mübarizə apardı. Onların arasında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar da var idi.

Çempionatda “Neftçi” idman klubunun yetirmələri Ramiz Məmmədov (57 kq), Elnur Dəryagir (63,5 kq) rəqiblərini məğlub edərək qələbə qazandılar. “Naxçıvan” idman klubunun üzvü Arzuman Qədimov (67 kq), “Dinamo” idman cəmiyyətinin kikboksinqçiləri Ramal Aslanov (71 kq), Emil Mövsümzadə (75 kq), Nahid Əsədov (81 kq), həmçinin “Naxçıvan idman” klubunun idmançıları Orxan Məlikov (86 kq), Anar Məmmədov (91 kq) kikboksinq üzrə “Azərbaycan kəmərinə” sahib oldular.

Xəbər 989 dəfə oxundu.