“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 6-сı turu gərgin qarşılaşmalarla yadda qalıb
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 6-сı turu keçirilən gərgin qarşılaşmalarla yadda qalıb.

“A” turnirində mübarizə aparan qədim Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda gürcüstanlı qrossmeyster Nino Xomeriki ilə qarşılaşıb. Aktivində 2 xal olan şahmatçımız bu turda məğlubiyyətlə barışmalı olub. Digər həmyerlimiz, FİDE ustası Ürfan Sevdimalıyev isə iranlı şahmatçı Morteza Əsgəri ilə ağ-qara taxtada üz-üzə gəlib və turu qələbə ilə başa vurub.

“A” turnirinin lideri gürcüstanlı qrossmeyster Levan Pantsulaya bu turda azərbaycanlı qrossmeyster Eltac Səfərli ilə qarşılaşıb. 5 oyundan maksimum xal toplayan Levan Pantsulaya bu görüşdə ilk dəfə məğlub olub.

Turun ən maraqlı görüşü isə azərbaycanlı qrossmeyster Ülvi Bacarani ilə rusiyalı qrossmeyster Aleksandr Xalifman dueli olub. 5 oyundan 4 xal toplayan bu şahmatçıların görüşü heç-heçə başa çatıb.

Hazırda “A” turnirinin iki lideri var. 5 xal toplayan gürcüstanlı qrossmeyster Levan Pantsulaya və azərbaycanlı qrossmeyster Eltac Səfərli ilk iki pillədə qərarlaşıblar. Digər 8 pillədə qərarlaşan şahmatçıların aktivində isə 4,5 xal var.

“B” turnirinin lideri iranlı şahmatçı Behranq Kabudi 6-cı turda azərbaycanlı şahmatçı Rəşad Zeynallı ilə qarşılaşıb və məğlub olub. Elnur Əliyev də iranlı zəka sahibi Babək Sedgidən üstün olub. Bu turda turnir cədvəlinin üst pillələrində qərarlaşan azərbaycanlı şahmatçılardan Məhəmməd Muradlı Elvin Bayramova, Vəli Zeynalzadə isə Toğrul Həsənzadəyə qarşı mübarizə aparıb. Maraqlısı odur ki, hər iki görüş heç-heçə ilə başa çatıb. Alınan bu nəticələrdən sonra Rəşad Zeynallı 5,5 xalla turnir cədvəlinə liderlik edir. Digər 6 pillədə qərarlaşan şahmatçıların isə xalları eynidir – 5 xal.

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “C” turnirinin 6-cı turunda vahid lider müəyyənləşib. Belə ki, bu tura kimi itkisiz irəliləyən iki zəka sahibi – Mətin Mürsəlli və Ləman Hacıyeva bu turda üz-üzə gəliblər. Daha təcrübəli olan Mətin Mürsəlli rəqibinə qalib gəlib. Naxçıvan şahmat məktəbinin yetirməsi Kənan Şərifzadə bu turda Şabran rayonunun şahmatçısı Zamiq Xudiyevdən üstün olub. Siyavuş Bağırov isə Nicat Fətəlizadəni mat edib.

“C” turnirinin 6-cı turunun nəticələrinə əsasən, Mətin Mürsəlli maksimum xalla liderliyini davam etdirir. Naxçıvan şahmatçıları Kənan Şərifzadə və Siyavuş Bağırov isə liderdən yalnız bir xal geri qalırlar.

Xəbər 754 dəfə oxundu.