Xorvatiyanın “Pedalinac” velosiped klubu Azərbaycana yola düşdü
Xəbər verdiyimiz kimi, Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri mayın 5-də Dubrovnik şəhərindən Bakıya yola düşüblər.

Velosipedçilərin Dubrovnikdən yola salınması münasibətilə Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən mərasim təşkil olunub.

Tədbiri açan səfir Kamil Xasiyev “Bakı-2015” birinci Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edib. Səfir ölkəmizin idmanın 20 növü üzrə altı mindən çox atletin mübarizə aparacağı Oyunlara yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Diplomat aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Oyunların məşəlinin alovlandırıldığını və məşəlin ölkəmizin bütün bölgələrinə səyahətə başladığını vurğulayıb.

Xorvatiyanın birinci Avropa Oyunlarına 200 nəfərlik idmançı ilə qatılacağını yüksək qiymətləndirən səfir “Pedalinac” klubunun üzvlərinin “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsinin Oyunların təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Dubrovnik şəhər merinin müavini isə çıxışında layihənin Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Çıxışlardan sonra velosipedçilər Bakıya yola salınıb.

Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” klubunun üzvləri 35-40 gün ərzində Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri ilə təqribən 4000 kilometr məsafə qət etdikdən sonra birinci Avropa Oyunlarının açılış mərasiminə qatılacaqlar.

Xatırladaq ki, tədbir Xorvatiyanın milli televiziyası “HRT 1” kanalı vasitəsilə geniş işıqlandırılıb.

AZƏRTAC

Xəbər 1012 dəfə oxundu.