“Bakı-2015”: Məşəl estafeti Saatlıda
Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib.

Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.

Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul etdi.

Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan meydana gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşıladılar.

Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırdı.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Rayon sakini Sahib Qafarov isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq dedi: “Təsəvvür edin ki, Oyunlar başlayan kimi hər gün yüzlərlə telekanal, minlərlə mətbuat nümayəndəsi, qəzet və jurnallar işini Bakı xəbərləri ilə başlayacaq. Beləliklə, onsuz da dünyada böyük nüfuz sahibi olan Azərbaycan beynəlxalq aləmdə daha çox təbliğ ediləcək və daha çox tanınacaq. Bu, böyük nailiyyətdir, daha doğrusu, Prezident İlham Əliyevin böyük qələbəsidir. Buna görə Prezidentimizə rayon gəncləri adından “Çox sağ olun!” deyirik”.

Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salındı.

Xəbər 760 dəfə oxundu.