İlk Avropa Oyunlarına həsr olunan otüstü hokkey turnirinə yekun vurulub
Respublika Otüstü Hokkey Kompleksində Bakı və Sumqayıt şəhərləri komandalarının “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan otüstü hokkey festivalının ikinci mərhələsinə yekun vurulub.

Turnirdə ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət 16 komandası iştirak edib.

Yarışlar, eyni zamanda 2016-cı il Avropa çempionatında iştirak edəcək 16 yaşınadək oğlan və qızlardan ibarət seçmə komandalarımıza namizədləri müəyyənləşdirmək məqsədi daşıyır.

Oğlanların final oyununda Suraxanı rayonunun 275 nömrəli məktəbinin komandası ilə Xəzər rayonunun 117 nömrəli məktəbinin kollektivi qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Bullitlər seriyasında Xəzər rayonunun məktəbliləri rəqiblərinə 3:2 hesabı ilə qalib gəliblər.

Xəzər rayonunun 117 nömrəli məktəbi qızların yarışında da birinci olub. Onlar finalda Sumqayıt şəhərinin 22 nömrəli məktəbini 2:0 hesabı ilə məğlub ediblər.

Qaliblərə və yarışda fərqlənən komandalara fəxri kubok, diplom və medallar təqdim edilib.

Bakı və Sumqayıt şəhərlərinin 2000-2002-ci il təvəllüdlü məktəbliləri arasında təşkil edilən festivala oktyabr ayında yekun vurulacaq. Həlledici üçüncü mərhələdə komandalar standart ölçülü meydanda çıxış edəcəklər. Mütəxəssislər məhz həmin oyunlardan sonra 2016-cı ildə keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək oğlan və qızlardan ibarət seçmə komandalara namizədləri müəyyənləşdirəcəklər.

Xəbər 2360 dəfə oxundu.